Ruslan Lunyov: “Avropa çempionatında komanda şəklində nəticəmiz mənim üçün sürpriz oldu"

Fərdi
  • 17 mart, 2025
  • 16:11
Ruslan Lunyov: “Avropa çempionatında komanda şəklində nəticəmiz mənim üçün sürpriz oldu

Komanda şəklində nəticəmiz mənim üçün yaxşı mənada sürpriz oldu.

Bunu “Report”a açıqlamasında Azərbaycan atıcısı Ruslan Lunyov Xorvatiyada təşkil olunan Avropa çempionatında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə kişilərin komanda yarışı barədə danışarkən deyib.

O, medal qazanacaqlarını gözləmədiyini söyləyib:

“Fərdi yarışda finala yüksəlmək üçün cəmi 2 xalım çatmadı. İlin ilk böyük yarışı olduğunu nəzərə alsaq, nəticələr normaldır. Yarışdan əvvəl fərdi mübarizələrdə nəticələrimin necə olacağı ilə bağlı təxminim yox idi. Çünki formaya yeni düşməyə başlamışam. Komanda şəklində nəticəmiz mənim üçün yaxşı mənada sürpriz oldu. Açığı, komanda şəklində medal qazanacağımızı gözləmirdim. Neçə ildir atıcılıqla məşğulam, təəssüf ki, bizdə heç vaxt güclü komanda olmayıb. Bu dəfə “dördlüy”ə düşmək çətin idi. “Dördlüy”ə düşməsən, yarımfinala vəsiqə qazana bilmirsən”.

İdmançı Almaniya ilə qarşılaşmanın nəticəsinin onun üçün sürpriz olduğunu bildirib:

“Avropa çempionatında güclü, favorit rəqiblər var idi. Məsələn, Türkiyə və Ukraynanı qeyd edərdim. Bu ölkələri təmsil edən komandaların hər bir üzvü güclü idi. Buna baxmayaraq, Ukrayna yarımfinala yüksələ bilmədi. Yarımfinalda Almaniya ilə yarışdıq. Bu görüşün nəticəsi də mənim üçün sürpriz oldu. Turnirdən sonra komanda yoldaşlarıma bürünc medal götürəcəyimizə inanmadığımı söylədim. Çünki rəqibin heyətində atıcılardan biri Olimpiya, biri isə Avropa çempionu idi. Buna baxmayaraq, qələbə qazandıq. Çox sevindirici haldır”.

R.Lunyov qarşıdan gələn Dünya Kubokuna və Avropa çempionatına qatılacaqlarını vurğulayıb:

“Martın sonunda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Dünya Kubokuna gedəcəyik. Daha sonra Münhendə təşkil olunacaq Dünya Kubokuna qatılacağıq. Bir də yayda 25 və 50 metr məsafəyə atəşaçma üzrə Avropa çempionatı olacaq. İlin sonunda isə Misirdə dünya çempionatı keçirilməlidir”.

Qeyd edək ki, Avropa çempionatında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə kişilərin komanda yarışında Ruslan Lunyov, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət Azərbaycan yığması üçüncü yeri tutub.