Ən gənc qrossmeyster: Şəhriyar Məmmədyarovla Vüqar Həşimovu dünyada kim tanımır ki?!" - MÜSAHİBƏ

Ən gənc qrossmeyster: Şəhriyar Məmmədyarovla Vüqar Həşimovu dünyada kim tanımır ki?!" - MÜSAHİBƏ "Ümumdünya Şahmat Olimpiadası karyeramda vacib yarışlardan biridir"
Fərdi
31 Avqust , 2016 16:44
Ən gənc qrossmeyster: Şəhriyar Məmmədyarovla Vüqar Həşimovu dünyada kim tanımır ki?! - MÜSAHİBƏ

Buxarest. 27 avqust, REPORT.AZ/ Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında Rumıniya yığmasının tərkibində Azərbaycana gələcək dünyanın ən gənc beynəlxalq qrossmeysteri Boqdan Daniel Dikin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi...

- Əvvəlcə özünüzü təqdim edin: Boqdan Daniel Dik kimdir?

- Mən, Boqdan Daniel Dik 8 oktybar 2001-ci ildə anadan olmuşam, rumıniyalı şahmatçıyam. Bu il, beynəlxalq dərəcəli qrossmeyster adını almaq üçün lazımi normaları yerinə yetirmişəm. Qoyulan 2500 əmsal limitini keçmişəm və 1 sentyabr 2016-cı ildə açıqlanacaq FİDE-nin yeni reytinq siyahısında 2524 əmsala malik olacağam. Hazırda isə dünyanın ən gənc beynəlxalq qrossmeysteriyəm. Bu adı 14 yaş, 7 aylığımda qazanmışam.

- Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının başlanmasına çox az vaxt qalıb. Olimpiadaya hazırlıq necə gedir?

- Şahmat Olimpiadası karyeramda vacib yarışlardan biridir. Xüsusən, sırf olimpiada üçün hazırlaşdığımı deyə bilmərəm. Bu yarışa iştirak etdiyim digər turnirlərlə eyni səviyyədə baxıram və çalışıram ki, oynadığım əvvəlki yarışlarla müqayisədə daha yaxşı çıxış edim.

- Olimpiadada Sizin və habelə, Rumıniya millisinin hədəfləri nə olacaq?

- Ümid edirəm ki, şahmat taxtası arxasında güclü rəqiblərlə mübarizə aparacağam. Çünki onlarla görüşlərdən çox şey öyrənə bilərəm. Rumıniya millisinin bu olimpiadada məqsədi isə yüksək nəticələr əldə etməkdir. Nİyə də yox? Hesab edirəm ki, sonda millimiz ilk "6-lıq"da yer alacaq.

- Sizcə 180-ə yaxın ölkədən 2500-dək şahmatçının iştirak etdiyi Olimpiadanın qalibi kimi olacaq?

- Hesab edirəm ki, Şahmat Olimpiadasında qalib adına namizəd ölkələr çoxdur. Bu sıraya Rusiya, ABŞ, Ukrayna və Azərbaycanı da əlavə edə bilərəm. Zənnimcə, yəqin ki, sadaladığım ölkələrdən biri turnirin qalibi olacaq.

- Şahmat Olimpiadasını təşkil edən ölkə - Azərbaycan haqqında məlumatınız varmı?

- Təəssüf ki, Azərbaycan barədə elə çox məlumatım yoxdur. Bu, mənim ölkənizə ilk səfərim olacaq.

- Azərbaycan şahmatçılarından kimi tanıyırsınız?

- Əlbəttə, Azərbaycan şahmatçılarını tanıyıram. Şəhriyar Məmmədyarov, dünyasını dəyişmiş Vüqar Həşimov kimi şahmatçıları dünyada kim tanımır ki?

- Zəngin ənənələrə malik Azərbaycan şahmat məktəbi haqqında eşitmisiniz?

- Azərbaycanın istedadlı, gənc şahmatçılarının olduğunu bilirəm. Hətta yarışlarda da görürəm. Əvvəlki illərdə təşkil olunan dünya və Avropa çempionatlarında Vüqar Əsədli və Abdulla Qədimbəyli kimi şahmatçılarla qarşılaşmışam.

- Hazırda dünyanın ən gənc qrossmeysteri özünü vunderkind hesab edirmi?

- Xeyr, özümü vunderkind hesab etmirəm. Bu idman növü çox xoşuma gəlir. Ola bilsin, son illər şahmat taxtası arxasında çox vaxt keçirmişəm.

- Maqnus Karlesen kimi gənc yaşlarında dünya çempionu olmaq üçün Boqdan Daniel Dik nə etməlidir?

- Maqnus Karlsen səviyyəsinə çatmaq elə də çətin deyil. İnkişaf etməli və əmsalımı daha da artırmalıyam. Təqribən 340 xal. Bundan sonra İddiaçılar Turnirinə qatılmaq imkanı əldə edəcəyəm. Oradakı şahmatçılara və dünya çempionu adı uğurunda görüşdə rəqibimə də qalib gələrək, şahmat tacını qazancam. Əlbəttə, bu bir zarafatdır, amma bunun üçün daha həvəslə və səylə çalışmalıyam.

- Hazırda Rumıniya şahmat məktəbinin səviyyəsi necədir?

- Rumıniyanın şahmat tarixində səviyyəli və dəyərli şahmatçıları olub. Bunlardan Nisipyanu, Georqiu, Suba, İstratesku, Çiokaltyanı göstərə bilərik. Onların da hər biri öz dövrlərində gənc şahmatçılar üçün nümunə olublar. Ümid edirəm ki, gələcəkdə Rumıniyada şahmatla daha çox uşaq məşğul olacaq. Məhz onların da Rumıniya yığmasının heyətində Olimpiya çempionu titulunu qazanmalarını arzu edirəm.

Son xəbərlər

Orphus sistemi