Yuxarı

​Rövşən Fətullayev: "Beynəlxalq Ağırlıqqaldırma Federasiyası bizi "vurur"

Yanvarın sonunda daha bir test olacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ "Bu dəqiqə hansısa fikir söyləmək düzgün olmaz. Mən heç kimlə maraqlanmıram. 4 il öncə mən də dopinqə düşmüşdüm və heç kim maraqlanmırdı". Bunu "Report"a açıqlamasında ağır atletika üzrə Avropa ikincisi olmuş və ABŞ-da keçirilmiş dünya çempionatında uğurla çıxış edən Rövşən Fətullayev həmkarlarının dopinqə ilişməsinə münasibət bildirərkən deyib.

Yanvarın sonlarında daha bir test olacağını bildirən R.Fətullayev Azərbaycan Ağır Atletika Federasiyasından həmin görüşdə baş məşqçi Miroslav Çoroş iştirak edəcək.

Avropa çempionatının gümüş mükafatçısı dopinqlə bağlı məsələyə belə aydınlıq gətirib: "Olimpiya yarışlarına 2 il qalmışdı. Zülfüqar Süleymanovla dopinqə "ilişdik" və hər ikimiz diskvalifikasiya olunduq. Ancaq sağ olsunlar, federasiya rəhbərliyi bizə sonuna qədər dəstək verdi. Yarışlara qatılmamağımıza baxmayaraq, məşqlərə qatılırdıq və maaş alırdıq. Bizdən sonra 17 nəfər yenidən dopinqə düşdü. Hər bir idmançı 2 il cəzalandı. İndi heç nə deyə bilmərəm, hamımız tərtəmiz idik. Bunların necə baş verdiyi mənə aydın deyil. Başqa ölkələr də dopinqə düşüb. Bu, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının problemləridir. Ancaq bizim idmançılar bədbəxt olur. Hamı istəyir ki, yarışlara qatılsın, Olimpiya Oyunlarında iştirak etsin, medal gətirsin. Çalışırlar ki, həm özləri xoşbəxt olsun, həm də bayrağımızı uca tutsunlar. Problem nədirsə, Azərbaycan hər il dopinqə düşür. Bunun səbəbini də bilmirik".

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına Azərbaycan idmançılarına verilən lisenziyanın ləğv olunması haqda danışan R.Fətullayev ağırlıqqaldıranların Braziliyaya yollanacağını söyləyib: "Çox güman ki, biz Rio-de-Janeyroya yollanacağıq. Düşünürəm ki, bir, iki nəfər də olsa, iştirak edəcək. Əvvəl 17 idmançımızı itirdik. Ancaq yenə də dünya çempionatında öz sözümüzü dedik. Bu, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının problemidir. Hər dəfə bizi hədəf görür və "vurur"lar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi