Roman Qrojan: "Bakının qədim hissəsini görmək məni yaxşı mənada heyrətləndirdi" - MÜSAHİBƏ

Roman Qrojan: "Bakının qədim hissəsini görmək məni yaxşı mənada heyrətləndirdi" - MÜSAHİBƏ "Bu il Bakıda daha sürətli bolidlərlə yarışmaq lap çətin olacaq"
Fərdi
2 Mart , 2017 09:48
Roman Qrojan: Bakının qədim hissəsini görmək məni yaxşı mənada heyrətləndirdi - MÜSAHİBƏ

Bakı. 2 mart. REPORT.AZ/ Formula 1 üzrə "Haas" komandasının pilotu Roman Qrojan Bakı Şəhər Halqasının rəsmi saytının suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir.

- Yeni avtomobillərin dizaynını necə qiymətləndirirsiniz?

- Onlar həqiqətən də çox əla görünürlər, aqressiv görkəmə malikdirlər. Ən əsası, onlar bizdə əvvəllər olan bolidlərdən çox sürətlidir.  Enli şinlərə, geniş arxa qanadlara malik bu bolidi görən kimi dərhal öz-özümə düşündüm ki, o, mütləq sürətli bolid olmalıdır. Buna görə də bizi qarşıda maraqlı mövsüm gözləyir. Baxarıq, kimlər mövsümlərarası dövrlərdə yaxşı çalışıb. Ümidvaram ki, biz də irəliyə doğru bir addım atmışıq. Hələlik ötmənin asan olub-olmayacağı aydın deyil və bu məsələ ilə əlaqədar hər hansı məlumat yoxdur.

- Ümumiyyətlə, yeni mövsümə hazırlıq necə keçdi?

- Məşqlər çox ciddi rejimdə keçdi - trenajor zalında çoxlu tapşırıq yerinə yetirildi, qaçış hərəkətləri, velosiped yürüşləri və s. icra olundu. Bu, mənim üçün ən mürəkkəb qış mövsümlərindən biri idi.

- Mövsüm öncəsi hansı gözləntiləriniz var və hansı hədəflərə çatmağı qarşıya məqsəd qoymusunuz?

- Hələlik bu barədə danışmaq çətindir. Çünki hələ mövsümə start verilməyib. Əsas məsələ, təkmilləşdirmələri davam etdirməkdir.

- Bəs ikinci mövsüm birinci ilə müqayisədə daha çətin olmayacaqmı?

- Bəli, belə bir fikir var. Lakin fikrimcə, bizim üçün daha asan olacaq. Çünki topladığımız müəyyən biliklər var və maşınla necə işləyəcəyimizi bilirik. Buna görə də düşünürəm ki, ötən ilə nisbətən daha yaxşı çıxış edəcəyik.

- Karyeranızın lap başlanğıcında tez-tez qəza keçirirdiniz. Bu, az qala Formula 1-dəki çıxışlarınızın dayandırılması ilə nəticələnəcəkdi. Artıq bu çətinliklər arxada qalıb. Onların öhdəsindən necə gələ bildiniz?

- Bəli, lazım olduğundan artıq aqressiv idim. Bunu yeniyetməliyimlə əlaqələndirin. Ancaq sonralar təcrübə topladım, daha sakit və inamlı davranmağa başladım. Daha stabil çıxışlar sərgilədim, bir neçə dəfə podiuma çıxdım, maşından maksimum nəticəni götürməyə çalışdım. Hər il Formula 1 yarışlarında yeni nəsə öyrənirsiniz.

- Komandada çoxlu sayda tərəf müqabiliniz vardı. Necə düşünürsünüz, Formula 1 komandasında sağlam münasibətlərin qurulması üçün ən mühüm olan nədir?

- Daimi rəqabət mühitində sağlam münasibətlərin qurulması həmişə çox mürəkkəbdir. Lakin fikrimcə, bunun üçün ən vacib amil hörmətdir. Onsuz heç nə alına bilməz.

- "Haas" komandasında çıxış edən Kurt Buş gərgin mübarizənin olduğu Naskar yarışlarında qalib gəldi. Necə düşünürsünüz, “Haas”ın Formula 1 yarışlarında ilk qələbəsini nə qədər gözləməli olacağıq?

- Səmimi desəm, bu suala cavab vermək çox çətindir. “Haas” artıq 10 ildir ki, Naskarda çıxış edir. Ümidvaram ki, burada bizə daha az vaxt tələb olunacaq. Kağız üzərindəki planları əsas götürüb bizdən bu il qələbələr gözləməyə dəyməz. Ancaq, kim bilir, 3-4 il sonra bəlkə də biz artıq qələbələr uğrunda mübarizə aparmağa başlayacağıq.

- Bakı haqqında danışaq. Bakıda ən çox nə xoşunuza gəldi?

- Ölkəni, şəhəri, xüsusilə də şəhərin qədim hissəsini görmək məni yaxşı mənada heyrətləndirdi. Yolları xüsusilə qeyd etməyə dəyər. Trek, sözün əsl mənasında, mürəkkəb, iti və keçid üçün heç də asan olmayan vəziyyətdə idi. Düşünürəm ki, bu il burada daha sürətli bolidlərlə yarışmaq lap çətin olacaq. Əla yerdir!

- Baş aşpaz dostunuza onun işlədiyi yerli restorana baş çəkməyə macal tapdınızmı?

- Bəli, hər axşam orada şam yeməyi yeyirdik!

Son xəbərlər

Orphus sistemi