Yuxarı

​Rizvan Gənciyev: "Qonağımın sözlərindən 5 saniyə sonra boksçumuz rəqibini nokaut etdi" - MÜSAHİBƏ

Venesuelaya döyüşkən heyət aparacağıq

Bakı. 19 yanvar. REPORT.AZ/ Ümumdünya Boks Seriyasının (WSB) V mövsümünə qələbə ilə başlayan Azərbaycanın “Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyevin "Report"a müsahibəsi...

- "Baku Fires" çempionata 4:1 hesablı qələbə ilə başladı. Boksçuların çıxışından razı qaldınız?

- Düzü, əvvəlcədən də bilirdik ki, 49 kq çəki dərəcəsində döyüş bizim üçün çətin olacaq. Bu çəkidə bir az çətinliyimiz var. Həm də gənc Məhəmməd İbiyevin rəqibi Yay Olimpiya Oyunlarının 2 qat bürünc mükafatçısı, Avropa çempionu Patrik Bars idi. İrlandiya boksçusu çox təcrübəli idmançıdır. Buna baxmayaraq, İbiyev əlindən gələni etdi. Sonadək rəqibinə müqavimət göstərməyə çalışdı. Digər çəki dərəcələrindəki boksçularımız çox yaxşı çıxış etdilər. Rəqibin heyətində olimpiadaların iki mükafatçısı – Maykl Konlan və Vinçentso Mangiakapreni müvafiq olaraq, Məhəmməd Qurbanov və Heybətulla Hacıəliyev məğlub etdi. Hacıəliyevi xüsusilə qeyd etmək istərdim. O, bu gün çox yaxşı təsir bağışladı. Təcrübəli İtaliya boksçusunu 2 dəfə nokdauna saldı. Abdulqadir Abdullayev isə həmişəki kimi, öz ampluasında idi. Boksçumuz bu dəfə italiyalı Fabio Turçini nokautla məğlub etdi. Açığı, zərbə o qədər cəld oldu ki, hər şeyin necə baş verdiyini görə bilmədim. Yalnız televiziya vasitəsi ilə təkrardan izlədim. 

- Çətin rəqib üzərində qələbə qazanmağınızın səbəbini nədə görürsünüz?

- Biz komandaya yeni məşqçilərin cəlb olunmasının faydasını görürük. Boksçularımızın taktiki-texniki cəhətdən hazırlığında irəliləyiş var. Bu da onu göstərir ki, doğru yoldayıq. Bu mövsüm boksçularımız sonadək əzmlə mübarizə aparmalıdırlar. Çünki WSB liqasından 17 idmançı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. İnanıram ki, “Baku Fires” klubunun boksçuları Azərbaycan milli komandasının heyətində həm I Avropa Oyunlarında, həm də dünya çempionatında çıxış edəcək, ən əsası, olimpiadaya vəsiqə qazana biləcəklər.

- Abdulqadir Abdullayevdən belə bir parlaq qələbə gözləyirdiniz?

- Bakıdan bu yarışı izləmək üçün qonaqlarımız gəlmişdi. Onlardan biri zarafatla söylədi ki, deyin, Abdulqadir nokaut etsin, həmin anda onun şəklini çəkim. Və iş elə gətirdi ki, 5 saniyədən sonra boksçumuz rəqibini yerə sərdi. Belə bir maraqlı təsadüf baş verdi. Abdullayev daim öz üzərində işləyən boksçudur. Hiss olunur ki, onda böyük irəliləyiş var. WSB Liqasında bir çox döyüşlərdə qələbə qazanıb, kifayət qədər təcrübə toplayıb. 91 kq çəki dərəcəsində olimpiadaya 1 vəsiqə veriləcək. Buna baxmayaraq, inanıram ki, Abdulqadir Rio olimpiadasına lisenziyaya yiyələnə biləcək.

- “Baku Fires”in yarışda növbəti rəqibi Venesuela klubu olacaq. Bu komanda WSB liqasında debüt edir. Onlar haqqında hər hansı məlumatınız var?

- Venesuelalılar barədə o qədər də geniş informasiyamız yoxdur. AİBA peşəkar rinqdə 20-dən çox döyüş keçirməyən boksçuların WSB-də çıxışına icazə verir. Çox güman ki, Venesuela komandasının heyətində də bü cür peşəkar boksçular olacaq. 69 kq çəki dərəcəsində güclü idmançıları var. O, dünya çempionatının mükafatçısı olub. Yanvarın 20-də Karakas şəhərinə yollanacağıq. Döyüşkən heyət aparırıq. 52 kq çəki dərəcəsində Elvin Məmişzadə, 60 kq-da Albert Səlimov, 69 kq-da Yevgeni Romaşkeviç, 81 kq-da Soltan Migitinov və superağır çəki dərəcəsində Arslanbek Mahmudov çıxış edəcək. Ümid edirəm ki, onlar etimadımızı doğruldacaqlar və Venesueladan istənilən nəticə ilə qayıdacağıq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi