Yuxarı

​Bakıda keçiriləcək Qızıl Qran Prinin final mərhələsində ən güclü güləşçilər iştirak edəcək

Bu barədə federasiyanın I vitse-prezidenti Namiq Əliyev açıqlama verib

Bakı. 20 noyabr. REPORT.AZ/ "Hazırlıq proseslərimiz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını hədəfləyir. Keçirilən bütün yarışlar bu prosesin bir mərhələsidir". "Report"un məlumatına görə, bunu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Prinin final mərhələsinə hazırlıq prosesindən danışan Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi bildirib ki, idmançıların hazırlığı normal səviyyədədir. Vitse-prezident Rio-2016-dək güləşçilərin hazırlığının pik nöqtədə olacağını söyləyib: "Güləşçilərimiz qarşıda duran tapşırıqların məsuliyyətini dərk edirlər. Təlim-məşq toplanışları və yarışlarda əsas məqsədlərimizdən biri idmançılarımızın hazırlıq səviyyəsini yüksəltməkdir. Hacı Əliyev 61 kq, Rəsul Çunayev isə 71 kq-da güləşəcək. Olimpiadada başqa çəkilərdə güləşməsini planlaşdırdığımız idmançılar da var ki, onların kimliyinə gələn ilin martında Latviyada keçiriləcək Avropa çempionatında aydınlıq gələcək. Bu bizim üçün sonuncu və ciddi sınaqdır. Demək olar ki, heyəti də orada müəyyənləşdirəcəyik".

N.Əliyev Qızıl Qran Prinin final mərhələsində dünyanın ən güclü idmançılarının iştirak edəcəyini vurğulayıb: "Reqlamentə əsasən, dünyanın bütün güclü idmançılarının iştirakı mütləqdir. Belə qərar qəbul olunub ki, güclü idmançıların iştirakını məcburi olmalıdır. Təbii ki, belə olan halda bu da bizim üçün böyük sınaqdır".

Qran Pri ərəfəsində isə Bakıda Avropa Güləş Konfederasiyasının iclası olacaq. AGF rəsmisinin sözlərinə görə, bu, ilk dəfə baş tutacaq. Toplantıda əsasən Avropada güləşin inkişafı, qitə ölkələrinin güləş sahəsində əlaqələrinin daha da gücləndirilməsi və inkişafa təsir edən meyarlar müzakirə olunacaq.

Qeyd edək ki, Qızıl Qran Prinin final mərhələsi 27 - 29 noyabrda Bakı İdman Sarayında keçiriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi