Biz də Beynəlxalq Cüdo Federasiyasının (IJF) “Dünya Cüdo Günü” ilə bağlı kampaniyasına qoşulmuşuq və idmançılarımıza müvafiq tövsiyələr vermişik.
Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu “Dünya Cüdo Günü” ilə bağlı danışarkən deyib.
AFC rəsmisi cüdonun banisi Ciqaro Kanonun bu gün dünyaya gəlməsi ilə əlaqədar 28 oktyarın “Dünya Cüdo Günü” kimi qeyd edildiyini xatırladıb:
"IJF hər il bu gündə müxtəlif mövzulara toxunur. Bu dəfə isə idmançıların rifahına önəm verilib. Tək fiziki rifahdan söhbət getmir. Onların mental sağlamlığı da önəmlidir. Cüdoda yalnız yüksək nəticəyə fokuslanmaq vacib deyil, həm də öz şəxsi həyatınızda iş və istirahət balansını gözləməlisiniz. Bu baxımdan idmançılara müvafiq tövsiyələr verilir. Biz də Azərbaycan Cüdo Federasiyası olaraq bu kampaniyaya qoşulmuşuq və cüdoçularımıza müvafiq tövsiyələri vermişik. Onlar hərtərəfli inkişaf üçün gərgin, stresli məşqləri necə idarə etməlidirlər? İJF də yerli federasiyalara tövsiyə edir ki, bu mövzu müzakirə edilsin. Qurumun prezidenti Marius Vizer də bununla bağlı cüdoçular üçün xüsusi mesaj yayımlayıb. Orada da məhz bu məsələlərə toxunulur. İJF-nin saytında da bunlarla tanış ola bilərsiniz".
R.Rəsullu cüdonun mahiyyətində davamlı inkişafın dayandığını diqqətə çatdırıb:
"Bütün həyatınız boyu inkişaf etməyə çalışmalısınız. Bu gün ən yaxşı olmaqdan çox hər gün əvvəlkindən daha yaxşı olmağa çalışmalısınız. Biz də federasiya olaraq fəaliyyətimizdə buna çalışırıq. İnkişaf təkcə medallarla ölçülməməlidir. İctimaiyyət əsasən mükafatları önə çıxarır. Bundan daha çox cüdonun ölkədə sağlam nəslin yetişdirilməsində hansı töhfələri verdiyinə, hansı işlərin görüldüyünə baxılmalıdır. Məşqçilərin, idmançıların təhsilinə diqqət yetiririk. Çoxşaxəli gördüyümüz işlər, layihələr var. Ölkədə layiqli vətəndaşların yetişdirilməsində öz töhfələrimizi vermək niyyətindəyik. Biz bunu tək edə bilmərik. Ailələr var, ölkədə fəaliyyət göstərən təhsil sistemi və bu sahədə təşkilatlar var. Hesab edirik ki, işimizi düzgün qursaq, çempionlar, qaliblər yetişəcək".