"Milli komandanın nəticəsini yaxşı hesab edirik".
Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş Avropa çempionatında Azərbaycan cüdoçularının göstərdikləri nəticələr barədə danışarkən deyib.
O bildirib ki, yarışda çıxış etmiş 9 cüdoçudan 6-sı medallar uğrunda mübarizə aparıb: "Cüdoçularımızdan 1-i qızıl, 2-si bürünc medal qazandı, 3-ü isə 5-ci yeri tutdu. 60 kq və 66 kq çəkilərdəki cüdoçularımız böyüklər arasında Avropa çempionatına ilk dəfə qatımalarına baxmayaraq, kifayət qədər yüksək səviyyəli cüdo nümayiş etdirdilər. Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq) və Zelim Kotsoyev (100 kq) zədə səbəbindən yarışda iştirak etmirdilər. Bütün bunları nəzərə alsaq, Avropa çempionatından yaxşı nəticə ilə qayıtdığımızı deyə bilərik".
"Əsas odur ki, məşqçilər heyətinin işi artıq görülməkdədir. Əminik ki, bu komanda gələcəkdə daha yüksək nəticələrə imza atacaq", - deyə Rəsullu əlavə edib.
Qeyd edək ki, Avropa çempionatında Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıb.