Bakı. 26 aprel. REPORT.AZ/ "Doğum günümdə qələbə ən yaxşı hədiyyə olardı. Ardıcıl 7 tur heç-heçə etmişəm. Nəhayət, qələbə qazanmaq istəyirdim. Təəssüf ki, alınmadı".
"Report"un məlumatına görə, bunu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirinin VII turunda Hollandiya təmsilçisi Aniş Giri ilə heç-heçə etdiyi görüşdən sonra mətbuat konfransında Rauf Məmmədov deyib.
30 yaşlı qrossmeyster onu ad günündə təbrik edən dostlara təşəkkür etdiyini söyləyib: "Üç il əvvəl ad günümdə Şəmkirdə Maqnus Karlsenə uduzmuşdum. 14 il əvvəl Anton Korobova qalib gəldim, vaxtı başa çatdığı üçün məğlub oldu. Bu gün isə Aniş üstünlük qazansa da, davam etdirə bilmədi. Sonda heç-heçə qeydə alındı. Fikrimcə, doğum günündə baş verənlər həmişə insana təsir edir. Xoş hadisələr sevindirir".