Hindistan yığması ilə qarşılaşmadan sonra özümüzə gələ bilmədik.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin üzvü Rauf Məmmədov Macarıstanın paytaxı Budapeştə keçirilmiş 45-ci Ümumdünya Şahmat Olimpiadası barədə danışarkən deyib.
36 yaşlı qrossmeyster turnirə yaxşı başladıqlarını vurğulayıb:
"Dörd görüşdə qələbə qazanmışdıq. Sonra isə yarışın qalibi Hindistanla üz-üzə gəldik. Demək olar ki, Hindistan millisi hazırda Kosmosdadır və təəssüflər olsun ki, bizim bu görüşdə şansımız olmadı. Bu dueldən sonra da Litva ilə görüşdə ağır məğlubiyyət yaşadıq. Hindistanla qarşılaşmadan sonra özümüzə gələ bilmədik".
O, komandanın yekun sıralamadakı mövqeyini qiymətləndirib:
"Sonra ancaq ilk "3-lüy"ə düşmək şansımız qalmışdı. Son məğlubiyyətdən sonra sınmadıq. Yarışı layiqincə bitirdik. Yarışa reytinqin 12-ci komandası kimi başladıq və 8-ci yeri tutduq. Bu turnirdəki çıxışımıza nə yaxşı, nə də pis qiymət verərdim".
Qeyd edək ki, Hindistanın qadınlardan və kişilərdən ibarət komandası turnirin qalibi olub. Azərbaycanın kişilərdən ibarət millisi 8-ci, qadınlardan ibarət yığması isə 15-ci yeri tutub.