Bakı. 21 aprel. REPORT.AZ/ "Azərbaycan Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinə başlanılıb. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün nazirlikdə xüsusi tədbirlər planı təsdiqlənərək icraya yönəldilib".
"Report"un məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxışı zamanı bildirib.
Nazir bildirib ki, oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb: "Bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq. Onlardan da 252-si qadın əməkdaşlarımızdır.
Cari ilin mart və aprel aylarında qüvvə və vasitələrin Oyunların keçiriləcəyi obyektlərdə perimetr boyu, eləcə də sektorlar üzrə yerləşəcəyi nöqtələr konkretləşdirilib. Nəzarət-buraxılış məntəqələri, xüsusi təyinatlı və mühəndis istehkam qruplarının xidmət aparacağı bütün yerlər yoxlanılıb, şəxsi heyətə vəzifələri izah edilib, köməkçi qərargahların təlim-məşqləri keçirilib.
Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd “X-RAY” və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1800 əməkdaş praktiki məşğələlərə cəlb edilib".
Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək digər işlər də diqqət mərkəzindədir: "Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırılıb, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparılıb.
Yarış iştirakçılarının daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə edəcək şəxslərin seçiminə də xüsusi diqqət yetirilib, peşəkarlıq səviyyəsi yoxlanılıb. Nəticədə 1918 nəfərdən 158 sürücü seçimdən kənarlaşdırılıb, habelə namizədliyi təsdiqlənmiş sürücülər üçün cari ilin mart ayında müvafiq tədris proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib".
Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir: "May ayının 1-dək isə buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyasını yerinə yetirən 267 kamera quraşdırılacaq. Ümumilikdə, bu gün respublikada “Təhlükəsiz şəhər” sisteminin 3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir".
Nazir qeyd edib ki, ölkə prezidentinin dəstəyi sayəsində birinci Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 “İPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcək: "Həmin dövrdə ingilis dili kurslarını bitirmiş bayır xidmətinin 1000-dən çox əməkdaşının müvafiq biliklərini artırılması istiqamətində əlavə tədbirlər də görülüb. Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edilib".
Respublikada kriminogen durumun tam nəzarətdə saxlanılması və profilaktik işin gücləndirilməsi üzrə kompleks tədbirlər davam etdirilir: "Bu gün Azərbaycan və onun paytaxtı Bakı şəhəri əvvəlki illərdə olduğu kimi, dünyanın ən təhlükəsiz yerlərindən biridir. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə qorunduğu ölkəmizdə indi qarşımızda duran mühüm vəzifələrdən biri preventiv tədbirlərin davamlılığının təmin edilməsidir.
Su, hava və dəmir yolu nəqliyyatında, avtovağzallarda, Bakı Metropolitenində, neft kəmərlərində, kommunikasiya vasitələrində və digər strateji obyektlərdə təhlükəsizlik tədbirləri və diplomatik nümayəndəliklərin mühafizəsi digər hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə birgə, yəni əlaqəli şəkildə təşkil olunur.
Profilaktik qeydiyyatda olan, cinayət və hüquqpozmalara meyilli şəxslər ciddi nəzarətdə saxlanılacaq".
Artıq Oyunların Akkreditasiya Mərkəzi cari ilin aprel ayının 7-dən mühafizəyə götürülüb. Aprel ayının 30-dan isə ardıcıllıqla - yarış, qeyri-yarış və məşq yerlərini əhatə edən 30 obyekt mühafizəyə qəbul ediləcək və hər birində sutkalıq xidmət təşkil olunacaq: "Sonda əmin etmək istəyirəm ki, bu möhtəşəm beynəlxalq tədbirlə bağlı cənab Prezidentin və sizin bütün tələb və tapşırıqlarınız daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən tam yerinə yetiriləcək, ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunacaq".