“Bizim üçün rəqibin kimliyinin çox da fərqi yoxdur. Azərbaycanın yunan-Roma güləşi komandası Avropa çempionu və dünya ikincisidir”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşi komandasının üzvü Rafiq Hüseynov Bakıda keçiriləcək Dünya Kubokundan öncə yığmanın açıq məşqindən öncəki brifinqdə deyib.
Təcrübəli idmançı bildirib ki, Dünya Kubokunda zəif komanda olmur: “Nə İran, nə Qırğızıstan, nə də Türkiyə komandası bizim qrupdakılardan zəifdirlər. Təbii ki, dünya yığması daha ciddi komandadır, orda seçilmiş idmançılar çıxış edəcəklər. İstənilən halda, biz də elit komandalardan biriyik”.
Dünya Kubokundakı hədəflər haqqında da fikir bildirən pəhləvan qeyd edib ki, bunu hansısa yarışa çıxmamışdan qabaq məşqçilər heyəti müəyyənləşdirir: “Amma bir idmançı kimi onu deyə bilirəm ki, qalib gəlmək üçün lazım olan hər şeyi etmişik. Nəticələrimizlə də bunu sübut etməyə çalışacağıq. Yarışa çox pozitiv notlarda hazırlaşmışıq. Düşünürük ki, doğma divarlar da bizə kömək olacaq. Bildiyiniz kimi, uzun zamandır ki, Bakıda belə mötəbər güləş turniri keçirilmir. Ona görə düşünürük ki, bu, bizim üçün əlavə stimul olacaq”.
Olimpiadanın bürünc mükafatçısı uzun zamandır zədədən əziyyət çəkməsi ilə bağlı qeyd edib ki, yarışdan qabaq zədələr haqqında danışmaq istəmir: “Çünki bütün fikrimlə yarışa köklənmişəm. Əgər güləşməyə qərar vermişəmsə, artıq bu zədələrin heç bir mənası qalmır. 82 kq çəki dərəcəsində lider olduğuma görə komandamı tək buraxa bilməzdim. Həkimlər də dünya çempionatından sonra məsləhət görmüşdülər ki, çiyin nahiyəsindən əməliyyat olunum. İmtina etdim və komandamın yanında olmaq istədim”.
Güləşçi yalnız Dünya Kubokundan sonra əməliyyat haqqında düşünəcəyini vurğulayıb: “Həkimlər demişdilər ki, çiyin nahiyəmdə 9 yırtıq var. Bu isə birbaşa əməliyyat tələb edir. Bu yarışda mütləq iştirak etməliydim. Amma bundan sonra həkimlərin yekun qərarı olacaq. Federasiya tərəfindən Almaniyadakı mütəxəssislərə də müraciət olunub. Onlar da belə məsləhət görüblər. Əməliyyatdan sonra bərpa prosesi hardasa 1,5-2 ay çəkəcək. Düşünürəm ki, bu müddət mənə müsbət təsir edə bilər. Bildiyiniz kimi, Olimpiya Oyunlarından sonra istirahətə vaxt tapmamışam. Ard-arda Avropa və dünya çempionatları, İslam Oyunları, reytinq yarışları oldu, hər birində iştirak etdim və medalçılar sırasına düşdüm. Bu baxımdan düşünürəm ki, bir müddət kənarda qalıb, yenidən güc toplasam, növbəti turnirlərdə mənim üçün kömək olacaq”.