Rafael Fiziyev: "Gücümü qəfəsdə görəcəklər"

Fərdi
  • 13 aprel, 2022
  • 11:25
Rafael Fiziyev: Gücümü qəfəsdə görəcəklər
Rafael Fiziyev

"Bütün məşqlərimi bunun üçün edirəm. Mənim gücümü qəfəsdə görəcəklər".

"Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev iyunda keçirəcəyi titul döyüşü barədə mətbuat konfransında danışarkən deyib.

29 yaşlı idmançı Azərbaycana səfərindən məmnunluq ifadə edib: "Buraya gəldiyim üçün çox xoşbəxtəm, Bakıda olmağı çoxdan arzulayırdım. Çox gözəl və təmiz şəhərdir, şəhərdə doğmalıq hiss etdim".

Fiziyev səfərinin səbəbini də açıqlayıb: "Burada dostlarımız var. Onların vasitəsi ilə əlaqə saxlamışıq. Azərbaycana gəlmək çoxdankı arzum idi. Buranı görməyi çox istəyirdim".

Koronavirusa görə sonuncu döyüşü buraxan idmançı durumu haqqında da danışıb: "Artıq bərpa olunmuşam. Hər şey normaldır. Növbəti döyüşlərə hazırlaşıram".

Fiziyev bildirib ki, Bakıda fanatlarının çox olsa da, Bakıda döyüş keçirmək ondan asılı məsələ deyil: "Azərbaycanda yaxşı idmançılar var. MMA-nın inkişafı üçün yaxşı bazalar olmalıdır. Azərbaycanda yaxşı güləşçilər və cüdoçuların olduğunu deyə bilərəm. Hansı ki, onlar kifayət qədər titullar qazanıblar. MMA-da isə Tofiq Musayev və Nəriman Abbasovun adlarını çəkə bilərəm. Onlar Rusiyada çoxlu qələbələr əldə ediblər. İnanıram ki, bu idman növü Azərbaycanda daha da inkişaf edəcək".

Qeyd edək ki, Rafael Fiziev 1993-cü il martın 5-də Qazaxıstanda anadan olub. “Ataman” ləqəbi ilə tanınan UFC döyüşçüsü hazırda "Tiger Muay Tai & MMA" idman klubunda çıxış edir.

Döyüş sahəsində ilk debütünü 2015-ci il iyulun 8-də Sem Bastinə qarşı keçirib və qələbə qazanıb. Rafaelin aktivində ümümilikdə 8 qələbə olub. Mark Diakiese, Aleks Vayt, Nurcan Tutkayev, Nandin Erdene, Seung Yeon Kim, Suray Bahadur, Gündüz Nəbiyev və Sem Bastinə qalib gələn Rafael, yalnız Məhəmməd Mustafayevə məğlub olub.

Bakıya səfəri çərçivəsində aprelin 14-də Rafael Fiziev "Renzo Gracie" Akademiyasında master-klass keçəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti