Rafael Ağayev: "Bu, bütün Azərbaycanın qələbəsidir"

Rafael Ağayev: "Bu, bütün Azərbaycanın qələbəsidir" "Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən bu gün yer tutmaya da bilərdim. Birinci və üçüncü də ola bilərdim. Amma evdən çıxanda buraya qızıl medal üçün gəlmişdim. Bəzi idmançılar kimi kimisə gözdən salmıram".
Fərdi
1990
6 Avqust , 2021 18:32
Rafael Ağayev: Bu, bütün Azərbaycanın qələbəsidir
Rafael Ağayev

"Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən bu gün yer tutmaya da bilərdim. Birinci və üçüncü də ola bilərdim. Evdən çıxanda buraya qızıl medal üçün gəlmişdim".

"Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev deyib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı bəzi idmançıların olimpiadaya gəzmək üçün gəldiyini bildirib: "Kimisə gözdən salmaq istəmirəm. Bəziləri Tokio-ya yarışda iştirak üçün gəlir. Mən qızıl medal üçün gəlmişdim. Təəssüflər olsun ki, gümüş medal qazandım".

Təcrübəli karateçi finalda hakim haqqsızlığı ilə üzləşdiyini gizlətməyib: "Bəhanələri sevmirəm. Olan oldu. Bu günə də şükürlər olsun. Allahıma çox sağ ol deyirəm. Fürsətdən istifadə edib, bütün xalqımı təbrik edirəm. Bu yolda mənəvi və fiziki cəhətdən kimlər mənə kömək edib və yanımda olubsa onlara çox sağ ol deyirəm. Ölkəmizin prezidentinə təşəkkür edirəm. Hər zaman idmançılara qayğı göstərib. Federasiyamızın prezidenti Yaşar Bəşirova, şəxsi müəllimim Füzuli Musayevə, yığmanın baş məşqçisi Qurban Tağıyev və ilk müəllimim Rafael Məmmədova da minnətdaram. 6 yaşında Sumqayıt şəhərində bu idman növündə ilk addımlarımı atmışam. Heç kim gərək keçmişini unutmasın. Bütün müəllimlərimi salamlayır və bağrıma basıram. Bəzən mən, bəzən isə məşqçi əsəbi olub. Qalib gəlmək üçün müəllimlə tələbə bir-birini tamamlamalıdır. Bu, tək mənim yox, bütün Azərbaycanın və türk millətinin qələbəsidir. Ruhdan düşmək olmaz. Bu gün axşam məşq edib, növbəti yarışa hazırlaşacağam. Hər şey əladır".

Ağayev azarkeşlərin bəzi şeyləri görmədiyini sözlərinə əlavə edib: "Pərdə arxasında elə şeylər olur ki, onu ancaq mən bilirəm. Həyatda ən birinci insan olmaq lazımdır. Son isə çempion. Çempion olmaq asandır, insan olmaq çətindir. Əlimdən nə gəlirsə xalqım, vətənim və millətim üçün edəcəyəm".

5 qat dünya və 11 qat Avropa çempionu ilk olimpiya medalını qazanması haqqında da danışıb: "Bu, çox gözəl hisslərdir. Hər zaman finalda məğlub olanda üzülürsən. Amma üçüncü yer uğrunda qələbə qazananda sevinirsən. Bu gün isə tam fərqli oldu. Mən də istəyərdim ki, medalın əyarı qızıl olsun. Amma alınmadı. Amma gümüş medal üçün çox sevinirəm. Bu medal mənim karyeramda yox idi. Karate ilk dəfə idi ki, olimpiadanın proqramına salınıb. 30 ildir ki, mən bunun həsrətində idim. Karate əvvəl proqramda yer alsa idi, bəlkə də olimpiya çempionu idim. Aldığımız məlumata görə, karate ilk və sonuncu dəfə olimpiadaların proqramında olub. Amma 2028-ci ildə də proqrama salına bilər. Buna isə yaş imkan verməyəcək. Karyeramı 2025-ci ildə bitirmək istəyirəm. Daha sonra öz məktəbimi açmaq istəyirəm. Karateni hər gün öyrənirsən. Bir az biliklərimi gənclərə çatdıracağam. Ölkəmizə Avropa, dünya və olimpiya çempionları bəxş etmək istəyirəm".

O, finalda italiyalı Luci Busa ilə görüşməməsinə də münasibət bildirib: "Mən 30 ildir ki, tatamidə və həyatda hər kəsə salam verirəm. Çünki salam Allah salamıdır. Çox şeylər var ki, bunları açıqlamaq istəmirəm. Rəqib idmançıya yaraşmayan hərəkətlər etdi. Hakimlər vurduğum zərbəni saymadılar. Üzdə qan və qızartı yoxdursa, bu, təmiz xaldır. Elə şeylər var ki, demək olmaz. Mən onunla görüşmədim, çünki buna layiq deyildi. Amma dünyanın bir nömrəli karateçisi mənəm, özümdən də razı deyiləm. Mən heç vaxt arxayın danışmamışam".

Karateçi BBC nəşri tərəfindən karatenin Maradonası adlandırılmasına da toxunub: "Maradona əfsanədir. Mənə nə desələr də, öz adım var. Adım Rafaeldir və azərbaycanlıyam. Bununla da fəxr edirəm".

Son xəbərlər

Orphus sistemi