Rafael Ağayev: "Avropa çempionatı asan olmayacaq, amma təcrübəmə inanıram"

Rafael Ağayev: "Avropa çempionatı asan olmayacaq, amma təcrübəmə inanıram" "25 - 29 mayda Türliyənin Qaziantep şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəyəm. Mənim üçün asan olmayacaq, amma təcrübəmə inanıram".
Fərdi
17 May , 2022 19:37
Rafael Ağayev: Avropa çempionatı asan olmayacaq, amma təcrübəmə inanıram
Rafael Ağayev

"25 - 29 mayda Türkiyənin Qaziantep şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəyəm. Mənim üçün asan olmayacaq, amma təcrübəmə inanıram".

Bunu "Report"a açıqlamasında Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev deyib.

5 qat dünya və 11 qat Avropa çempionu yarışda vətəni və xalqı üçün əlindən gələni edəcəyini bildirib: "Maddiyyata görə nəsə etmirəm. Sözsüz ki, pul çox şeyi həll etsə də, hər şeyi həll etmir. İlk növbədə, bayrağımızı qaldırmaq və himnimizi səsləndirmək üşün qardaş ölkəyə gedəcəyəm".

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı uzun müddət yarışlardan kənar qalmasına da toxunub: "Ötən ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünya çempionatında iştirak etmişəm. Burada italyan karateçi Luici Busa ilə üz-üzə gəlmək niyyətində idim. Elə oldu ki, o da dünya çempionatına qatıla bilmədi. Mən də mundialda çıxışımı erkən başa vurdum. 3-cü görüşümdə ABŞ təmsilçisi Skott Tomasla heç-heçə etdim. Hakimlərin qərarına əsasən rəqib qalib elan olundu. Referilərin görüşü mənə verəcəklərini düşünürdüm. Elə alındı ki, hakimlərin 5-i də qələbəni ABŞ təmsilçisinə verdi. Bundan sonra hansısa yarışda iştirak etməmişəm. 5-6 aydır ki, karate məşqi etmirəm. 2-3 həftədir hazırlıqlara başlamışam".

Ağayev peşəkar karyerasını yavaş-yavaş sonlandırmaq istədiyini vurğulayıb: "Hər il 3-4 yarışa qatılmalıyam. Çünki "Adidas" şirkəti ilə müqaviləm var. Buna görə məcburən çıxış edirəm. Artıq "Karate Combat"da özümü sınayıram. Burada il ərzində 3-4 döyüşüm olur. Bu, tam başqa adrenalindir. İlk iki döyüşümdə hər şey qaydasında olub. Üçüncü rəqibim də bəllidir, amma adını açıqlaya bilmərəm. Yaxın günlərdə biləcəksiniz. İdman sürprizlərlə doludur. İndi desəm ki, gələn ilin yanvarında karyeramı bitirəcəyəm, yalan olar. Elə zədələr var ki, vaxtından əvvəl idmanla vidalaşa bilərsən. Amma Dünya Karate Federasiyasının (WKF) yarışlarında iştiraka yavaş-yavaş son qoyacağam. Çünki planlarım var və düşünürəm ki, federasiya məni başa düşəcək. Azərbaycan Milli Karate Federasiyasında vitse-prezident və ya baş məşqçi ola bilərəm. Yəqin ki, boş qalmaram. Amma "Karate Combat"da ən azı iki il mübarizə aparacağam".

Təcrübəli idmançı "Karate olimpiadanın proqramına qayıda bilərmi" sualını da cavablandırıb: "Karate olimpiya idman növü hesab edilsəydi, yaxşı olardı. 2028-ci ildə yenidən proqrama salına bilər. Belə olacağı təqdirdə, karate yenidən ayağa qalxacaq. Sözsüz ki, həmin vaxt Rafael Ağayev olmayacaq. Tatamidən kənarda karateçilərimizə dəstək göstərəcəyəm. Bu idman növü olimpiadanın proqramına salınsa, qələbələrimiz də olacaq".

Son xəbərlər

Orphus sistemi