"Radik İsayevin maaşının azaldılması Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməməsi ilə əlaqədardır".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Taekvondo Federasiyanın (ATF) vitse-prezidenti Niyaməddin Paşayev deyib.
O, məsələ ilə əlaqədar ətraflı danışmaq istəmədiyini bildirərək, bu barədə federasiyanın mətbuat xidmətinin açıqlama verdiyini xatırladıb. Həmin açıqlamaya əsasən, Tokio-2020-yə lisenziya və olimpiadada medal qazana bilməyən taekvondoçuların maaşları azaldılıb.
Paşayev olimpiya, dünya və ikiqat Avropa çempionunun karyerası ilə bağlı məsələyə də aydınlıq gətirib: "Biz Azərbaycan çempionatı keçirməyi planlaşdırırıq. Gələn il Çinin Usi şəhərində böyüklər arasında dünya çempionatının təşkili nəzərdə tutulub. Radik İsayev də bizə dünya çempionatında döyüşmək istədiyini bildirib. Bunun üçün İsayevin Azərbaycan çempionatında iştirakı lazımdır. Pandemiya səbəbindən qapalı yerlərdə yarış keçirməyə icazə verilmədiyindən, Gənclər və İdman Nazirliyindən cavab gözləyirik. Nə vaxt qapalı şəraitdə yarışa icazə versələr, biz respublika çempionatını təşkil edəcəyik və onun nəticələri əsasında 2022-ci ildəki mundial üçün yığma komandanın tərkibini müəyyənləşdirəcəyik. Radik də dünya çempionatınadək döyüşməyi planlaşdırdığını bildirib. İstəsə, ölkə çempionatına çıxdıqdan sonra yığmaya cəlb ediləcək və mundiala qatılacaq".
ATF rəsmisi titullu taekvondoçunun Azərbaycan vətəndaşlığı almaq istəməsi ilə bağlı fikirlərinə də toxunub: "Azərbaycan vətəndaşı olmaq istəyən hər bir insan öz ölkəsindən imtina edərək, Azərbaycan vətəndaşlığına keçə bilər. Bu, Radik kimi olimpiya çempionu olan idmançılara da aiddir. O, Azərbaycan vətəndaşlığını qəbul etmək üçün ilk olaraq, Rusiya vətəndaşlığından imtina etməlidir. Bizim qanun bunu tələb edir. İsayev öz ölkəsinin vətəndaşlığından imtina etmədiyindən, bizim ölkənin vətəndaşlığını ala bilməyib".
Vitse-prezidentin sözlərinə görə, bütün dünyada legionerlər yerli vəsiqə olmadan ölkəni hansı formada təmsil edirsə, İsayev də o formada Azərbaycan adından çıxış edib.
Paşayev idmançının federasiyadan hansısa incikliyi olduğuna düşünmədiyini söyləyib: "Onu hansısa sual narahat edirsə, federasiyaya yaxınlaşıb suallarını verib, cavabını ala bilər. Radik olimpiadaya lisenziya qazana bilmədi, sonra ailəsinin yanına getmək istədiyini söylədi. Hələlik qapalı məkanda yarış təşkil edə bilmirik. Nə vaxt icazə verilsə, keçirəcəyik, Radik və onun kimi başqa idmançılar da ölkə çempionatındakı nəticələrinə əsasən milliyə cəlb olunacaqlar. Milli komanda baş məşqçi Reza Mehmandustun rəhbərliyi altında məşqlərə başlayıb. Bəzi idmançılar təhsilləri ilə əlaqədar hazırlığa qatıla bilmirlər. Bu gün İsayev də Azərbaycanda olsaydı, məşqlərə qatılacaqdı. Millidəki idmançıların formalarını qoruyub saxlamaları üçün məşqləri davam etdiririk".
Federasiya rəsmisi Mehmandustun İsayevi məşqlərə çağırmasından xəbərsiz olduğunu sözlərinə əlavə edib: "Reza müəllim Azərbaycanda olan idmançıların siyahısını göndərib, onlar da məşqə gəliblər. Olimpiya çempionu olduqdan sonra Radiki dövlətimiz evlə təmin edib. Burada yaşamaq istəyirsə, gəlib yaşasın".
Qeyd edək ki, Radik İsayev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının, 2015-ci il dünya çempionatının, 2014 və 2018-ci il Avropa çempionatlarının qalibidir.