Bakıda keçiriləcək paracüdo üzrə Qran-prinin loqo və medalları təqdim edilib

Bakıda keçiriləcək paracüdo üzrə Qran-prinin loqo və medalları təqdim edilib Bakı. 27 fevral. REPORT.AZ/ Bakıda ilk dəfə təşkil olunacaq paracüdo üzrə Qran-pri yarışı ilə bağlı mətbuat konfransı keçirilib.
Fərdi
101
27 Fevral , 2019 16:02
Bakıda keçiriləcək paracüdo üzrə Qran-prinin loqo və medalları təqdim edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Bakıda ilk dəfə təşkil olunacaq paracüdo üzrə Qran-pri yarışı ilə bağlı mətbuat konfransı keçirilib. 

"Report" xəbər verir ki, Milli Paralimpiya Komitəsindəki (MPK) tədbirdə qurumun prezidenti İlqar Rəhimov və Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) cüdo üzrə idman direktoru Yanoş Tardoş jurnalistlərin suallarını cavablandırıb. 

İ.Rəhimov Qran-prinin 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyacağını bildirib: "Biz bu yarışı "Ruhun zəfəri" devizi altında keçirməyi qərara almışıq. Bizə dəstək verən dövlət qurumlarına və digər təşkilatlara minnətdarlığımızı bildiririk. Azərbaycan Cüdo Federasiyasına isə xüsusi təşəkkür edirik". 

MPK prezidenti daha sonra yarışın loqosunu və medallarını təqdim edib. O qeyd edib ki, yarışda iştirak üçün 29 ölkə müraciət edib: "Bu günədək 288 idmançının iştirakı ilə bağlı ərizələr daxil olub. Qran-pridə 40-dək ölkənin 350-dək idmançısının iştirakını proqnozlaşdırırıq. Ölkəmizi 7 çəki dərəcəsində 13 kişi idmançı, 6 çəkidə isə 11 qadın idmançı təmsil edəcək". 

İ.Rəhimovun sözlərinə görə, yarışlar üçün Bakıya gələn idmançılar və nümayəndə heyətləri "Baku Royal Garden" və "Days" otellərində qalacaqlar. O həmçinin bildirib ki, paralimpiyaçılar arasındakı yarışlara təkcə idman yarışı deyil, həm də fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya olunması istiqamətində mühüm iş kimi baxırlar: "İstərdik ki, bu yarış paralimpiyaçılarımızın, ümumilikdə fiziki məhdudiyyəti olan vətəndaşlarımızın bayramına çevrilsin". 

MKP rəhbəri yarış zamanı həmçinin fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmakaları da təşkil edəcəklərini vurğulayıb: "Yarışla bağlı rəssamlar arasında "Ruhun zəfəri" adlı plakat müsabiqəsi elan olunub. Müsabiqə Rəssamlar İttifaqı ilə birgə təşkil olunur. Qran-priyə bilet satışı nəzərdə tutmuruq. Giriş sərbəst olacaq". 

Y.Tardoş isə dəvət üçün təşəkkürünü bildirib: "Bakı cüdo iştirakçıları ilə çox məşhurdur. Yüksək səviyyədə keçirilmiş tədbirlərlə paytaxtınız fəxr edə bilər. Keçən il ən yüksək səviyyədə keçirilmiş dünya çempionatını qeyd etmək istərdim. Nəzərə almaq lazımdır ki, bu, əlilliyi olan insanların idman növüdür. Cüdo ən tanınmış növlərdən biridir. Qaydalar, demək olar ki, cüdo idman növü ilə eynidir".

Qonaq Bakıda olduğu müddətdə Qran-prinin keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksindəki hazırlıq prosesi ilə tanış olub. Bundan əlavə, Y.Tardoş idmançıların tibbi təsnifatı üçün görülən işləri təftiş edib.

Qeyd edək ki, Qran-pri 13-14 mayda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi