Yuxarı
    Bağlamaq

    Qalib könüllülər "Formula-1" üzrə İtaliya Qran-prisinə göndəriləcəklər

    5 könüllü Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin hesabına İtaliyaya səfər edəcəklər

    Bakı. 14 iyul. REPORT.AZ/ "Formula-1" üzrə Azərbaycan Qran-prisindən əvvəl keçirilən təlimlərdə əldə etdiyi hərtərəfli biliyə və həmçinin yarış zamanı göstərdiyi yüksək fəallığa görə seçilən 5 könüllü sentyabrın 3-də İtaliyada baş tutacaq Qran-priyə səfər edəcək.

    "Report" xəbər verir ki, səfər Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) hesabına həyata keçiriləcək. Fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən, Azərbaycan Qran-prisinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirilib. Onlardan 260 könüllü növbəti mərhələyə buraxılıb. Bu mərhələdə sözügedən könüllülər yarışa hazırlıq ərəfəsində BŞH Akademiyasında keçirilmiş seminarlar, "Formula-1" üzrə Avropa və Azərbaycan Qran-priləri, ümumilikdə "Formula-1" tarixindən test üsulu ilə hazırlanmış imtahanda iştirak ediblər.

    Qalib könüllülərin adları Azərbaycan Qran-prisi könüllüləri üçün təşkil edilmiş “Təşəkkür” mərasimində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov və şirkətin insan resursları və işçi qüvvəsi departamentinin rəhbəri İranə Əhmədova tərəfindən elan edilib.

    Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə nümayiş etdirərək müsabiqənin qalibləri adına yiyələniblər. Qaliblər üçün sertifikat bu adı qazanmış könüllülərə təqdim edilib.

    Qalib olan könüllülər sentyabrın 3-də İtaliyaya səfər edərək Qran-pri yarışını tribunada canlı izləyə biləcək və həmçinin həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar.

    A.Rəhimov qalib olan könüllüləri təbrik edib, inkişafa gedən yolda onları dayanmadan öz üzərlərində çalışmağa səsləyib.

    Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-risi bu il iyunun 23 – 25-də keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi