Peter Zayzenbaher: "Məqsəd olimpiadaya yaxşı hazırlaşmaqdır"

Peter Zayzenbaher: "Məqsəd olimpiadaya yaxşı hazırlaşmaqdır" Yeni baş məşqçi Azərbaycana ikinci dəfə gəlişindən xoşbəxt olduğunu bildirib və artıq komanda üzvləri ilə görüşdüyünü söyləyib
Fərdi
25 Sentyabr , 2015 14:00
Peter Zayzenbaher: Məqsəd olimpiadaya yaxşı hazırlaşmaqdır

Bakı. 25 sentyabr. REPORT.AZ/ "Azərbaycan Cüdo Federasiyası tərəfindən dəvət olunmuşam. İkinci dəfə bura gəldiyim üçün özümü xoşbəxt hiss edirəm". "Report"un məlumatına görə, bunu cüdo üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Peter Zayzenbaher deyib.

Komanda üzvləri ilə görüşdüyünü bildirən baş məşqçi görəcəyi işlərdən danışıb: "Artıq komanda üzvləri ilə görüşmüşəm. Həkimlərlə söhbət etmək lazımdır. Bundan sonra gələcək 9 ay üçün proqram yazacam. Məqsəd olimpiadaya yaxşı hazırlaşmaqdır. Şəxsi detalları müzakirə etmək istəməzdim. Düşünmürəm ki, bunlar hamısı o qədər vacibdir. Əsas odur ki, komanda hiss etsin ki, onlar yarışlara hazırdır və biz onların qayğısına qalırıq. Bütün məşqçilər gücünü eyni istiqamətə yönəltsə, komanda bir istiqamətdə işləsə, biz nəticəyə nail ola bilərik. Əvvəlki rəhbərliklə aramızda problem olduğunu düşünmürəm. Çünki biz uğurlu iş gördük. Peşəkar şəkildə komanda işi görürdük. Hər şey qaydasındadır. Azərbaycan Cüdo Federasiyasının qərarına hörmət edəcək qədər peşəkar biriyəm".

Baş məşqçi qeyd edib ki, komanda üzvlərinin bəzilərinin zədələri var və ilk növbədə bu məsələlər həll olunmalıdır. Onun sözlərinə görə, bu işlərin elmi əsaslarını bilən mütəxəssis dəvət olunacaq və qərar əsasında proqram hazırlanacaq. 

P.Zayzenbaher Azərbaycandan getdikdən sonra şəxsi biznesi ilə məşğul olduğunu deyib: "Beynəlxalq Cüdo Federasiyasının əksər əməkdaşları mənim dostumdur. Mən çalışıram ki, onlarla daima əlaqədə olum".

Onun sözlərinə görə, klublar arasında cüdo çempionatı keçirmək mümkün ola bilər. O bu işin görüləcəyi təqdirdə bölgədən klubların iştirakının vacibliyini bildirib: "Biz olimpiadada iştirak üçün hər kəsə şans verməliyik. Hər çəkidə iki nəfər olmalıdır. Ancaq bu şəkildə onların motivasiyasını saxlamaq olar. Bir çox nümayəndə olmalıdır. Yəni çox sadə qərar vermək olmaz".

Son xəbərlər

Orphus sistemi