Pərviz Abdullayev: "İslam Baybatırovla döyüşümdən çox şey asılıdır"

Pərviz Abdullayev: "İslam Baybatırovla döyüşümdən çox şey asılıdır" Bakı. 13 aprel. REPORT.AZ/ “Rəqib bir az üstün ola bilər. Yerli idmançıya qalib gəlmək üçün bir baş üstün olmalısan. Beş raundluq döyüş ağırdır. Amma mən çox yaxşı hazırlaşmışam”.
Fərdi
13 Aprel , 2018 13:08
Pərviz Abdullayev: İslam Baybatırovla döyüşümdən çox şey asılıdır

Bakı. 13 aprel. REPORT.AZ/ “Rəqib bir az üstün ola bilər. Yerli idmançıya qalib gəlmək üçün bir baş üstün olmalısan. Beş raundluq döyüş ağırdır. Amma mən çox yaxşı hazırlaşmışam”.

“Report” xəbər verir ki, bunu aprelin 20-i Rusiyanın paytaxtı Moskvada keçiriləcək “ACB KB 15" turnirində çeçen əsilli Rusiya idmançısı İslam Baybatırovla 77 kq çəki dərəcəsində dünya kəməri ugrunda döyüşəcək Pərviz Abdullayev deyib.

Peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında uşu-sanda növündə bürünc medal qazanmış 32 yaşlı idmançı bildirib ki, döyüşün Bakıda keçirilməsi planlaşdırılsa da, 11 aprel Prezident seçkiləri və 27 - 29 apreldə keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran Prisinə görə yeri dəyişdirilib: "İndiyədək müxtəlif döyüşlər keçirmişəm. Bu görüşə isə iki aydır hazırlaşıram. Məşqlərim həm Bakıda, həm də Qəbələdə olub. Qəbələdə 10 gün məşq etdim. Hazırlığım yüksək səviyyədə keçdi".

Rəqibi haqda danışan Abdullayev onun “1 nömrə” olduğunu söyləyib: “Zərbələri çox ağır olur. Altı görüşdə vaxtından əvvəl qələbə qazanıb. Lakin mən özümə güvənirəm. Bir çox təşkilatların bayrağı altında keçirilmiş yarışlarda döyüşmüşəm. “ACB KB 15" nüfuzuna görə ikincidir. İnanıram ki, bu döyüş uğurlu alınacaq. 77 kq çəkidə dərəcəsində döyüşmək çox rahatdır. Əvvəllər 10 kq çəki salırdım. İndi isə daha güclü olduğumu hiss edirəm. Hazırkı döyüşümdən çox şey asıldır. Çox vaxt müdafiəni unuduram. Əllərim yuxarıda hücum edirəm. Rəqibimi eləhücumla da "sındırmaq" istəyirəm”.

Abdullayev daha əvvəl məğlub olduğu türk idmançı Adem Bozqurdla yenidən qarşılaşacağını istisna etməyib. O, döyüşün bu il “Glory” təşkilatçılığı ilə olacağını vurğulayıb.

Döyüşçünün meneceri Faiq Abdullayev bildirib ki, yarışla bağlı Azərbaycanın Rusiyadakı diaspora təşkilatlarına məlumat verilib. Qarşılaşma Rusiya telekanalları vasitəsi ilə canlı yayımlanacaq.

“Qəbələ” İdman Klubunun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev əyalət təmsilçisinin futbolla yanaşı, digər idman növlərinə də diqqət ayırdığını qeyd edib: “Pərviz “Glory”də də gücünü sınayıb. Bu dəfə Rusiyanın “ACB KB 15" təşkilatının yarışında iştirak edəcək”. 

Son xəbərlər

Orphus sistemi