Pedro Roke: “Azərbaycan millisinə sözümü yerinə yetirmək üçün qayıtmışam”

Pedro Roke: “Azərbaycan millisinə sözümü yerinə yetirmək üçün qayıtmışam” “Yenidən Azərbaycan millisinə qayıtdığım üçün çox xoşbəxtəm. Buranı özüm üçün ikinci ev sayıram. Azərbaycanı sevirəm”.
Fərdi
28 Aprel , 2022 13:34
Pedro Roke: “Azərbaycan millisinə sözümü yerinə yetirmək üçün qayıtmışam”

"Buraya qayıdışımın əsas səbəbi Rio-2016 Yay Olimpiya Oyunlarından sonra verdiyim sözü yerinə yetirməkdir. Məqsədim ölkə boksunda yeni tarix yazmaq, Paris-2024-də Azərbaycan adına ilk qızıl medalı yığmaya qazandırmaqdır”.

"Report" xəbər verir ki, bunu kişi boksçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Pedro Roke federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis yenidən yığmaya qayıtdığı üçün çox xoşbəxt olduğunu bildirib: "Azərbaycanı sevir, buranı özüm üçün ikinci ev sayıram. Qarşıya qoyulan hədəfə çatmaq üçün potensiallı boksçularımız var. Rio-2016-da olduğu kimi, bu dəfə də Azərbaycan boks tarixinə ilklə düşəcəyimizə inanıram".

Kubalı baş məşqçinin sözlərinə görə, 2016-cı ildə Azərbaycandan ayrıldıqdan sonra da boksçuların döyüşlərini izləyib və onlar haqqında müəyyən məlumata malikdir: “ABŞ-da yaşasam belə, milli üzvlərinin görüşlərini həmişə diqqətdə saxlamışam, izləmişəm. Avropa və dünya çempionatlarında, olimpiadada da döyüşlərinə baxmışam. Yaxşı boksçular var və onları daha da inkişaf etdirmək, titul qazandırmaq üçün var gücümlə çalışacağam. İnanıram ki, iştirak edəcəyimiz turnirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq”.

Qeyd edək ki, Pedro Roke 2014 - 2016-cı illərdə də Azərbaycan yığmasının baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Rio-2016-da hələlik olimpiadalarda ölkə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Həmin vaxt Lorenzo Sotomayor (64 kq) finala yüksəlməklə və yekunda gümüş medal qazanmaqla milliyə ilk yaşadıb. Həmçinin Kamran Şahsuvarlı (75 kq) da Rio-2016-nı bürünc mükafatla başa vurub.

Son xəbərlər

Orphus sistemi