Paralimpiyaçılarımız Dünya Kubokunu 3-ü qızıl olmaqla, 5 medalla başa vurdular

Paralimpiyaçılarımız Dünya Kubokunu 3-ü qızıl olmaqla, 5 medalla başa vurdular Gürcüstanın paytaxtı Tbilisi şəhərində Para Pauerliftinq üzrə Dünya Kuboku uğrunda yarışlar başa çatıb.
Fərdi
288
24 May , 2021 23:03
Paralimpiyaçılarımız Dünya Kubokunu 3-ü qızıl olmaqla, 5 medalla başa vurdular

Tbilisidə Para Pauerliftinq üzrə Dünya Kuboku uğrunda yarışlar başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanı beynəlxalq idman tədbirində təmsil edən 5 idmançının hər biri medal qazanıb.

Elşən Hüseynov (107 kq) qızıl, Şamo Aslanov (107 kq-dan çox) qızıl, Leyla Kərimova (86 kq) 1 qızıl və 1 bürünc, Pərvin Məmmədov (49 kq) gümüş, Nurlan Babacanov (97 kq) bürünc medal əldə edib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev pauerliftinqçilərlə görüşüb və onları əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edib. O, idmançıların Azərbaycanı Dünya Kubokunda layiqincə təmsil etdiklərini vurğulayıb. Səfir komandanın üzvləri ilə yaxından tanış olub və onların yarış təəssüratları ilə maraqlanıb.

Diplomatın sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə idmançılarımızın beynəlxalq arenalarda yüksək ruhla çıxış edərək uğurlu nəticələr qazanmalarına əlavə güc verir. F.Quliyev idmançılara gələcək yarışlarda uğurlar və yeni qələbələr arzulayıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin baş mütəxəssisi Rüfət Rəhimov, komandanın kapitanı E.Hüseynov və üzvləri göstərilən böyük diqqətə görə səfirə minnətdarlıqlarını bildiriblər.

İdmançılar daha sonra Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət ediblər.

Qeyd edək ki, R.Rəhimov para pauerliftinq üzrə hakim lisenziyası qazanan ilk azərbaycanlıdır. O, hakim qismində ilk dəfə Tbilisidəki Dünya Kubokunda çıxış edib.

Son xəbərlər

Orphus sistemi