"Olimpiadadan sonra idmançılar istirahət edir. Biz də Tokiodakı zəif çıxışın ardından Bakıya qayıtdıq. Açığı, o qədər də həvəsli deyildim. 1 aya yaxın istirahət etdim. Məşqlərə həvəslə qatılmırdım. Amma yığmanın yeni məşqçilər heyəti sağ olsun. bizə dəyər verdilər, idmançıları həvəsləndirib məşqlərə cəlb etdirlər. Biz də yaradılan şəraitin qarşılığında burada medal qazandıq".
"Report"un məlumatına görə, bunu Bakıda keçirilən Böyük Dəbilqədə qızıl medal qazanan Azərbaycan cüdoçusu Orxan Səfərov deyib.
66 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan 30 yaşlı idmanşı qələbəsini Zəfər Gününə həsr etdiyini bildirib: "Hamımız istərdik ki, 3 gün ərzində himnimiz səslənsin. Bu gün bu vəzifə mənim üzərimə düşdü. Nəyin bahasına olur-olsun, himnimizi səsləndirmək istəyirdim. Şükürlər olsun ki, alındı".
Karyerası ilə bağlı məsələyə də toxunan təcrübəli cüdoçu bununla bağlı ildən-ilə qərar verəcəyini söyləyib: "Məsələn, bu il davam edəcəyəm. Amma gələn ili sonu necə olacağı bəlli deyil. Biz heç vaxt rəqabətdən çəkinməmişik. Neçə ildir cüdodayam. Hər yerim zədəlidir. Ciddi xəsarət olsa, geri qayıtmaq çətin olacaq".
Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyi ilə tanışlıq olduğunu deyən Səfərov yaradılan şəraitin qarşılığında medal qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: "Başımız bu yarışa qarışmışdı. Biz idmançıyıq, işimiz çıxıb güləşməkdir. Dəyişiklik bir az gözlənilməz oldu. İnanıram ki, xeyirli olar".
Cüdoçu komanda yoldaşı Rüstəm Orucovun "Tokio olimpiadasına 2 həftə öncədən getmək yanlış qərar idi" fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, yığmanın sabiq baş məşqçisi Ruslan Maşurenko təcrübəli cüdoçularla məsləhətləşmirdi: "İndiki məşqçilər heyəti isə komandanın təcrübəli üzvləri ilə hər zaman məsləhətləşirlər. Bizimlə söhbət edirlər. Deyiblər ki, əl-ələ verib yığmanı daha səviyyəli yerə gətirməliyik. Amma köhnə məşqçilərlə bunu etmək olmurdu. Heç kimlə məsləhətləşmədən müəyyən plan qurulurdu. Ruslan Maşurenko nə deyirdisə, o da olurdu. Biz də pis vəziyyətdə qalırdıq. Sözümüzü deyəndə də bildirirdi ki, siz məşqçi olanda fikrinizi səsləndirərsiniz. Amma bu, hər yerdə işləmir. Hər komandanın öz sütunu var. İşimiz bizdən sonra gələn nəsilə məsləhət verməkdir. Çalışırıq ki, onlar da yaxşı çıxış etsinlər. Əvvəl buna icazə yox idi. Kiməsə söz deyəndə bildirirdilər ki, get, öz işinlə məşğul ol, qarışma. Elxan Məmmədovun da köməyi olmurdu. Amma indiki məşqçilərimizdən yerdən göyədək razıyam. Onların təyinatına görə çox sevincliyəm".
Səfərov 26 - 28 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək Böyük Dəbilqəyə qatılmayacaqlarını deyib: "İlin sonunadək 2 yarışım var. Əvvəlcə Almaniya klubunun heyətində çıxış edəcəyəm. Sonra da Yunanıstan komandasının tərkibində cüdo üzrə Çempionlar Liqasında mübarizə aparacağam".