Orxan Səfərov: "İlk görüşdə kəllə-kəlləyə gələ biləcəyim cüdoçu ilə düşdüm"

Orxan Səfərov: "İlk görüşdə kəllə-kəlləyə gələ biləcəyim cüdoçu ilə düşdüm" "Bu çəkidə dünya reytinqində məndən öndə olan cüdoçular var. Hardasa bir ildir ki, 66-da mübarizə aparıram. Rəqiblərimin çoxunu məğlub etmişəm".
Fərdi
12 Yanvar , 2021 14:30
Orxan Səfərov: İlk görüşdə kəllə-kəlləyə gələ biləcəyim cüdoçu ilə düşdüm
Orxan Səfərov

"Bu çəkidə dünya reytinqində məndən öndə olan cüdoçular var. Hardasa bir ildir ki, 66 kq-da mübarizə aparıram. Rəqiblərimin çoxunu məğlub etmişəm. Sadəcə, İsrail idmançısı ilə görüşümüz başa-baş keçdi və cərimə xalı ilə məğlub oldum"

Bu fikirləri "Report"a açıqlamasında Qətərin paytaxtı Dohada keçirilən "World Masters”də ilk görüşdə israilli Barux Şmailova məğlub olan Azərbaycan cüdoçusu Orxan Səfərov deyib.

66 kq çəki dərəcəsində mübarizə aparan idmançı rəqibi ilə görüşünün 8-9 dəqiqə çəkdiyini xatırladıb: "Əlavə vaxtda mənə 3-cü cərimə xalını verdilər. Rəqibim finala qədər irəlilədi və gümüş medal qazandı. Məndən sonra hamıya ipponla qalib gəldi. Mənimlə görüşü gərgin keçdi, bu qarşılaşmaya qədər İsraildə onu məğlub etmişdim. Amma bu dəfə alınmadı".

Son Avropa çempionu titul qazandıqdan sonra məsuliyyətinin daha da artdığını sözlərinə əlavə edib: "Qətərə medal qazanmaqdan ötrü yollanmışdım. Çox istəkli idim. Amma uğursuzluq oldu. Burada dünyanın ən yaxşı 36 idmançısı mübarizə aparırdı. Heç bir görüş boş keçmir. Birinci görüşdə kəllə-kəlləyə gələ biləcəyim cüdoçu oldu. Reytinqi olmayan idmançı ilə qarşılaşsaydım, bəlkə də belə olmazdı, medal uğrunda mübarizə aparardım. İsrail idmançı isə reytinqdə ilk "8-lik"də qərarlaşıb. Ruhdan düşmürəm, olimpiadaya hələ vaxt var. Bir neçə turnir olacaq və hazırlaşıb, özümüzü yaxşı tərəfdən göstərəcəyik. Reytinqimizi daha da yaxşı edək ki, sonrakı yarışlarda belə püşkatmalar olmasın".

Səfərov eyni çəkidəki Nicat Şıxəlizadənin uğursuz çıxış etməsini isə koronavirusdan yeni sağalması ilə əlaqələndirib: "Nicat koronavirusdan sağalmışdı, onun üçün bir az çətin oldu. Hər ikimiz məyus olduq. Çünki yarışa az idmançı ilə yollanmışıq və istərdik ki, ilk gündəcə medal qazanaq. İlin əvvəlindəki yarışlar bir az çətin olur, İl bitdikdən sonra bütün gücünü əsas yarışlara qoyursan. Sürət yığandan sonra isə belə ağır turnirlə ilə başlamaq çətindir. Uğursuzluq məndə ruh düşkünlüyü yaratmır. Əksinə, stimul verir ki, daha da yaxşı hazırlaşaq. Sabah yığmanın digər üzvlərindən medal gözləyirik. Çünki bu yarışdakı heç bir idmançı zəif deyil".

Qeyd edək ki, Orxan Səfərov 2020-ci ilin sonlarında Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi