Orxan Səfərov: "5 aylıq zədədən sonra medal qazanmağı bacardım"

Orxan Səfərov: "5 aylıq zədədən sonra medal qazanmağı bacardım" "İlqar Müşkiyevlə görüşüm çox gərgin keçdi"
Fərdi
27 Noyabr , 2015 11:51
Orxan Səfərov: 5 aylıq zədədən sonra medal qazanmağı bacardım

Bakı. 27 noyabr. REPORT.AZ/ "Güləşməyim məni qane etmədi, amma yenə də qazandığım medala görə sevinirəm". "Report"un məlumatına görə, bunu Cənubi Koreyanın Çecu şəhərindəki Qran-Prinin ilk yarış günündə bürünc medal qazanmış Azərbaycan cüdoçusu Orxan Səfərov deyib. 

60 kq çəki dərəcəsində yer alan Səfərov zədədən sonra medal uğrunda mübarizə aparmağın çox çətin olduğunu bildirib. O, özünü hələ də tam ideal formada hesab etmir: "Hamı bilir ki, 5 aylıq zədədən sonra qayıtmaq, güləşmək və medal qazanmaq çox çətindir, amma bunu bacara bildim". 

24 yaşlı cüdoçü Qran-Prinin 1/4 finalında komanda yoldaşı İlqar Müşkiyevlə üz-üzə gəlib. Səfərov qalib gəlsə də, görüşün çox gərgin keçdiyini bildirib: "Məncə, 60 kq çəki dərəcəsində iki güclü idmançının olması yığmamız üçün yaxşı amildir. Bu da hər ikimizə daha yaxşı nəticələr göstərməyə stimul verir". 

Çecu Qran-Prisindən sonra Azərbaycan millisi Monqolustanda təlim-məşq toplanışı keçirəcək. Bu, Səfərov üçün uzunmüddətli zədədən sonra ilk təlim-məşq toplanışı olacaq. Gənc cüdoçu toplanışı zədəsiz başa vuracağına ümid etdiyini bildirib: "Məşqlərimiz yaxşı keçir, Monqolustan toplanışından sonra yarışlarda daha yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, Çecu Qran-Prisinə noyabrın 29-da yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi