Allah ömür versə, çempionluqlarımın sayını bir qədər də artırmaq istəyirəm.
Bunu "Report"a açıqlamasında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan veteran cüdoçular arasında Avropa çempionatında qızıl medal qazanan Fərhad Rəcəbli deyib.
65 yaşlı idmançı hər görüşünün gərgin mübarizə şəraitində keçdiyini bildirib: "Şükürlər olsun ki, iştirak etdiyim Avropa çempionatlarından medalsız qayıtmıram. Yalnız 2017-ci ildə qatıldığım yarışda hakim ədalətsizliyinə görə qalib ola bilməmişdim. Qızıl medallarımın sayını 10-a çatdırmaq istəyirdim. Sevindirici haldır ki, məqsədimə çatdım. Digər önəmli məqam odur ki, Azərbaycanın himni səsləndi, bayrağımız ən yuxarı sırada dalğalandı. Allah ömür versə, çempionluqlarımın sayını bir qədər də artırmaq istəyirəm".
Əməkdar idman ustası 10-cu dəfə bu titula yiyələnməyin asan olmadığını bildirib: "Bu yaşda bu cür hərəkətli olmaq hər insana nəsib olmur. 50 ildir cüdo ilə məşğulam. Məncə, bir sənətə dərindən yiyələnmək istəyiriksə, sırf o işə köklənmək lazımdır. Uşaqlıqdan cüdo həyatımın bir hissəsinə çevrilib".
Qeyd edək ki, F.Rəcəbli veteranlar arasında 10 dəfə dünya və 10 dəfə Avropa çempionu tituluna sahibdir.