Yuxarı

Nərmin Kazımova: “Çıxışımızın bu dərəcədə yaxşı alınacağını gözləmirdik” - MÜSAHİBƏ

Ümumdünya Şahmat Olimpiadasında millimizin heyətində mübarizə aparan Nərmin Kazımova müsahibə verib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən 42-cü Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət əsas millimizin heyətində mübarizə aparan Nərmin Kazımova olimpiadanın mətbuat xidmətinə müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir.

- Olimpiadada 6 tur geridə qalıb. Bu müddətdə komandanızın çıxışını necə dəyərləndirərdiniz?

- Yarışdan öncə uğurlu çıxış edəcəyimizə inamımız böyük idi. Lakin çıxışımızın bu dərəcədə yaxşı alınacağını gözləmirdik. 6 turdan sonra uduzmamışıq. 12 mümkün xaldan 10-nu toplamışıq. Yalnız 2 dəfə heç-heçə etmişik ki, həmin görüşlərdə də qələbə qazana bilərdik. Müəyyən qədər şanssızlıq yaşadıq. Halbuki çox rahatlıqla 12 xal toplamaq mümkün idi. Qarşıda hələ 5 tur var. Bu gün Hindistanla vacib görüşümüz var. Qalib gələcəyimiz təqdirdə, medal qazanmaq üçün şansımız xeyli artacaq.

- Ardıcıl güclü rəqiblərlə qarşılaşmaq yorğunlağa səbəb olmur?

- Əlbəttə, yoruluruq. Amma istirahət də edirik. Kim yorulursa, növbəti turda iştirak etmir. Əsas olan komandanın yaxşı oynamasıdır. Bunun üçün də hər kəs əlindən gələni edir.

- Heyətdəki dəyişiklikləri kim müəyyənləşdirir?

- Heyəti kapitanımız Fikrət Sideifzadə və məşqçi Konstantin Landa müəyyənləşdirir. Çətin görüşdən sonra heyətdə dəyişiklik olur. Yorğun olan şahmatçı növbəti gün mübarizə aparmır.

- Dünən gürcüstanlı Melia Salome ilə görüşdə heç-heçə oynadınız. Lakin partiyanın gedişində qələbə qazanmaq şansınız da var idi...

- Həqiqətən də üstünlüyüm var idi. 40-ci gedişdə səhv etdim və partiya bərabərliklə nəticələndi. Halbuki qələbə qazana bilərdim. Rəqibin vaxtı az idi.

- Sona yaxın hər şey heç-heçəyə doğru getsə də, rəqibiniz oyunu uzadırdı. Onun bu addımını nə ilə əlaqələndirmək olar?

- Oyunu uzatmağın mənası yox idi. Kapitanları da Salomeyə bildirdi ki, heç-heçədir. Lakin rəqibim qələbə qazana bilmədiyi üçün əsəbi idi. Kapitanın sözünü də geri çevirdi. Gürcüstan güclü rəqibdir. Vaxtı ilə dünya çempionu olublar. Bu səbəbdən də qalib gəlməyi çox istəyirdilər.

- 4 oyundan sonra hesabınızda 2,5 xal var. Çıxışınızı necə dəyərləndirirsiniz?

- Ümumi götürsək, nəticələrim pis deyil. Ancaq bundan da yaxşı oynaya bilərdim. 2 görüşdə qələbəyə yaxın olsam da, sonda heç-heçə ilə kifayətləndim.

- Son ölkə çempionatının qalibi olsanız da, dördüncü lövhədə mübarizə aparırsınız. Bu qərar nədən irəli gəlir?

- Mən üçün ikinci lövhədə oynamaq daha rahatdır. Bu, oyun tərzimə də uyğun gəlir. Çünki güclülərə qarşı oyunum daha yaxşı alınır. Lakin qərar verildi ki, dördüncü lövhədə yarışım. Əsas komandanın uğurudur.

- Əksəriyyət Bakı olimpiadasının təşkilatçılıq baxımından tarixdə ən yaxşı olduğunu bildirir. Bu yarış əvvəlkilərdən nə ilə fərqlənir?

- Tromsedə keçirilən son olimpiadada yarışmamışam. Lakin eşitdiyimə görə, orada təşkilatçılıq çox zəif olub. Yarış hansısa zavodda keçirilib. Hətta orada təcili tibbi yardım maşının olmadığından ölüm hadisəsi də baş verib. Qidalanma, otellər çox zəif olub. Həqiqətən də Bakıda keçirilən olimpiada tarixin ən yaxşısıdır. 2 ildən sonra Gürcüstan olimpiadanı bu səviyyədə keçirə bilməyəcək.

- Olimpiadanın Vətəndə keçirilməsi üzərinizdə əlavə təzyiq yaratmır?

- Xeyr, hər hansı təzyiq yoxdur. Bir qədər həyəcan olsa da, ilk gedişdən sonra hər şey unudulur və fikrimizi yalnız oyuna yönəldirik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi