Kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayevin "Report"a müsahibəsi
- Azərbaycan çempionatı başa çatdı. Yarışı necə dəyərləndirirsiniz?
- Çempionatda həmişə iştirakçılar çox olurdu. Yarışa 130, 150 və ya 160 idmançı qatılırdı. Bu dəfə isə təmiz 100 iştirakçı var idi. Gənc boksçularla yanaşı, tanınmış idmançılarımız da rinqə çıxdılar. Əfsuslar olsun ki, 67 kq çəki dərəcəsindəki Cavid Çələbiyev yarımfinalda gənc boksçumuz Nəbi İsgəndərova uduzdu. 80 kq-da Kamran Şahsuvarlının da final döyüşü ağır keçdi və sonda məğlubiyyətlə üzləşdi. Təcrübəsinə görə daha güclü işləməli idi. Yetərincə gənc boksçular var ki, onlar da öz bacarıqlarını göstərib, uğurla çıxış etdilər. Ümumilikdə ölkə çempionatı yaxşı alındı.
- Çempion olan gənclərdən gözləntiləriniz nədir: Onların aralarında diqqətinizi çəkən boksçular oldumu?
- Hələlik adlarını çəkmək istəmirəm. Elə idmançılar var ki, diqqətimizi yaxşı mənada cəlb edib. Biz onları bir də yoxlayacağıq. Həmin boksçular beynəlxalq turnirlərdə ölkəmizi təmsil edəcəklər. Ölkə xaricində çıxış etmək respublika birinciliyində döyüşməkdən fərqlidir.
- 92 kq-dan yuxarı çəki dərəcəsində Məhəmməd Abdullayev yenə ölkə çempionu oldu. Ağır çəkidə onun qarşısını ala biləcək idmançı yoxdur?
- Xeyr, hələlik onun qarşısına çıxa biləcək boksçu yoxdur. Abdullayev ölkəmizdə liderdir. Tək Azərbaycanda yox, kənarda da öz sözünü deyir. Onun gözəl texnikası var. Fiziki cəhətdən artırsa, daha da güclü boksçu olacaq. Hələlik bu çəkidə onu heç kim üstələyə bilmir.
- Cavid Çələbiyev və Kamran Şahsuvarlının məğlubiyyətləri haqqında danışdınız. Onların yığmadakı taleyi necə olacaq: Hər iki boksçunu yığmada yeni çempionlar əvəzləyəcək?
- Xeyr. Gənc boksçular ilk olaraq, beynəlxalq turnirlərdə yoxlanılacaq. Özlərini doğrultmağa çalışmalıdırlar. Çələbiyev və Şahsuvarlı bizim aparıcı boksçularımızdır. Onların təcrübələri gənclərdən çoxdur. Sadəcə, onu deyə bilərəm ki, bəlkə də pandemiya ilə əlaqədar hər ikisinin yarışa hazırlıqları pis keçib. İstədikləri kimi məşq edə bilməyiblər.
- Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında məğlub olmuşdu. Ola bilərmi ki, həmin məğlubiyyət idmançıya psixoloji təsir edib?
- Belə bir şey var. Cavidin özü ilə də söhbət etmişəm. Mənə dedi ki, hələlik özünə gələ bilməyib. Amma Tokiodakı görüşün necə ağır keçdiyini hamı görüb. Cavidin orada məğlub olduğunu demək bir az düzgün deyil. Çələbiyev olimpiadadan sonra böyük fikirlərə düşdü, stres keçirdi, yarışdan sonra çox ağladı. Mənimlə görüşündə də söylədi ki, Tokiodakı qarşılaşmadan sonra özünə gələ bilmir.
- Kamran Şahsuvarlının bir neçə rəqibi finaladək rinqə çıxmaqdan imtina edib. Bunun səbəbi nə idi?
- İmtina edənlər var idi. Tərəzidə dedilər ki, idmançılardan birinin temperaturu qalxıb, digərinin isə zədəsi var. Ona görə həmin şəxslər yarışda iştirak etmədilər. Tam dərinliyi ilə bilmirəm, müəllimləri belə demişdi. Amma buna baxmayaraq, Kamran finalda məğlub oldu. Döyüşü də gərgin keçdi.
- 81 kq-da Alfonso Domingesin çempionatda iştirak etməmə səbəbi nə ilə bağlıdır?
- Dominges çox ağır döyüşlərdə iştirak edib, olimpiadada bürünc medal qazanıb və dünya çempionu olub. Elə idmançılara tək bizdə yox, başqa ölkələrdə də bu nəticədən sonra icazə verilir. Düzü, burada ona rəqib də yoxdur. Dominges öz gücünü qoyub və medallar qazanıb. Belə idmançı dincələ bilər.
- Milli komandanı qarşıda nələr gözləyir: Təlim-məşq toplanışı planlaşdırılır?
- Hələlik hansısa planımız yoxdur. Dünya boksunda da dəyişiklik olub. Umar Kremlyov Beynəlxalq Boks Assosiyasiyasına yeni prezident seçilib. Yığma ilə bağlı yenilik olsa, açıqlama verəcəyik.