Gənclər və İdman Nazirliyinin mərkəzi aparatı tərəfindən 2020-ci ildə 115 tədbir və layihə icra olunub.
"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev 2 fevral - Gənclər günü barədə danışarkən deyib. Onun sözlərinə görə, hər il planlaşdırılan tədbirlərin və gənclərin əhatə sayı pandemiya dövründə daha çox olub.
İ.Babayev bildirib ki, bütün dünya üçün 2020-ci il COVID-19 və ondan irəli gələn problemlərlə yadda qalıbsa, Azərbaycan xalqının qan yaddaşına Böyük qələbə ilə kimi həkk olunub. "Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz tarixi missiyanı yüksək səviyyədə həyata keçirərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu missiyada da böyük məsuliyyət bu illər ərzində formalaşan, yetişən gənc nəslin üzərinə düşdü. Cənab Prezident də Şuşada olanda vurğuladı ki, bu illər ərzində vətənpərvər gəncliyimiz yetişib. Müharibə günlərində gənclər hərbçi kimi ön cəbhədə oldular. Arxa cəbhədə olan gənclərimiz isə sosial şəbəkələrdə və digər sahələrdə mübarizəyə qoşuldular və çalışdılar ki, böyük qələbəyə öz töhfələrini versinlər".
Nazir müavini "Qarabağın yenidən qurulmasına gənclər cəlb ediləcəkmi" sualına belə cavab verib: "Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, çox geniş miqyaslı tədbirlə planı hazırlanır. Aidiyyatı üzrə müvafiq dövlət qurumlarının qarşısına vəzifələr qoyulub. O cümlədən, Gənclər və İdman Nazirliyinin üzərinə düşən vəzifələr mövcuddur".
Nazirlik rəsmisi iki istiqamətdə fəaliyyət göstərəcəklərini diqqətə çatdırıb: "Qarabağın dirçəldilməsi istiqamətində gənclərimiz Prezidentin çağırışlarına hazırdırlar və quruculuq prosesində iştirak etməyin arzusundadırlar. Daha sonra Qarabağda gənclər siyasəti üçün müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Beynəlxalq tədbirlər, festivallar, düşərgələr və s. Digər istiqamət isə Vətən müharibəsində iştirak etmiş gənclər, qazilər və eyni zamanda şəhid ailələrinin üzvləri ilə bağlı aparılacaq işlərdir. Bu sahədə də Gənclər və İdman Nazirliyi üzərinə düşən misiyanı, bizim səlahiyyətimizə nə aiddirsə, yerinə yetirəcək. Pandemiya imkan versə, Yay Düşərgəsi zamanı şəhid ailələrinin uşaqlarının orada istirahətini təşkil etmək niyyətindəyik".
İ.Babayev hazırda Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bazasında müharibə günlərindən başlayaraq, yaralı hərbçilərin müalicəsinin həyata keçirildiyni vurğulayıb: "Eyni zamanda, müharibədən gələn insanların da psixoloji problemləri ola bilər. Bizim Gənclər evlərinin bazasında psixoloji xidmətlər də mövcuddur. Biz onlardan bir qrup formalaşdırmışıq. Nəzərdə tutulub ki, ixtisaslaşmış müəssisənin əlavə təkmilləşdirilmiş təlimindən sonra həmin qrup tələb olunacağı təqdirdə, şəhid ailələrinin üzvləri və qazilərlə psixoloji bərpa işinin aparılmasına cəlb edilsin".
Qeyd edək ki, 2 fevral - Gənclər günü ilə əlaqədar bu gün Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun nümayəndələri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.