Nazim Babayev: "Dünya çempionu olmaq şansım bir faizdir"

Nazim Babayev: "Dünya çempionu olmaq şansım bir faizdir" Dünya çempionatına hazırlıq yaxşı gedir. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındayam. Sabah buradan mundiala yollanacağam.
Fərdi
24 Sentyabr , 2019 19:10
Nazim Babayev: Dünya çempionu olmaq şansım bir faizdir

"Dünya çempionatına hazırlıq yaxşı gedir. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındayam. Sabah buradan mundiala yollanacağam".

Bunu "Report"a Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatından Azərbaycanı təmsil edəcək atlet Nazim Babayev deyib.

Üç təkanla tullanma yarışında çıxış edən idmançı il ərzində çətinliklərinin olduğunu bildirib. 22 yaşlı atlet hazırda zədəsinin olmadığını da vurğulayıb: "Çətinliklər ondan ibarətdir ki, mart ayındakı Avropa çempionatından sonra bir ay hazırlıq prosesində iştirak edə bildim. Aprel ayı ərzində hazırlaşdım və daha sonra yarışlarda çıxış etməyə başladım. Hazırlıq üçün çox az vaxtım olub. İtaliyanın Napoli şəhərindəki XXX Yay Universiadası və 23 yaşadək idmançılar arasındakı Avropa çempionatında çıxış etdikdən sonra yenə dünya çempionatı üçün bir ay vaxtım oldu. Demək istəyirəm ki, bir il ərzində 3 dəfə pik nöqtəyə çıxmaq çox çətindir. Avqust ayında da bir ay hazırlıq keçdim, sentyabrda isə yenidən turnirlərə qatılmağa başladım. Bir ay hər idmançının hazırlaşması üçün çox azdır. Məşqçim və federasiya rəhbərliyi ilə birlikdə bunun öhdəsindən gəlirəm. Mənə hər cür dəstəyi göstərirlər. Bir aydan maksimum istifadə etməyə çalışdım. Formamda bir az düşkünlük oldu. Hazırda isə optimal formama qayıdıram. Düşünürəm ki, hazırda yaxşı formadayam və dünya çempionatında mübarizə apara bilərəm". 

Avropa çempionu həm texniki, həm də fiziki cəhətdən hazırlaşdığını söyləyib: "Bizim təlim-məşq toplanışı keçdiyimiz yerdə Avropanın müxtəlif ölkəsindən idmançılar var. Onlar da dünya çempionatına burada hazırlaşırlar. Mundial öncəsi ən yaxşı seçim buradır. Antalyadakı hava Dohadakına nisbətən daha mülayimdir. Hava şəraiti bir az yaxındır. Ona görə məhz buranı seçdik. Dünya çempionatında isə bir az isti olacaq və bu, bizə çətinlik yarada bilər".

Babayev mundialdakı əsas hədəfi barədə də söz açıb. "İkinci dəfə dünya çempionatına qatılıram. İlk dəfə Londonda 14-cü oldum. Uğurlu çıxış edə bilmədim. Sentyabrın 27-də təsnifat mərhələsini keçib, finala düşmək istəyirəm. Daha sonra isə, sentyabrın 29-u finalda əlimdən gələni edəcəyəm ki, ölkəmizi layiqincə təmsil edim, medal qazanım".

O, yarışda qızıl medal qazanmaq ehtimalının çox az olduğunu etiraf edib: "Real danışsaq, dünya çempionu olmaq şansım bir faizdir. Çünki iki ABŞ idmançısı var ki, onlar digərlərindən çox üstündürlər. Bunlar Kley Uill və Kristian Teylordur. Bu il üçün mənim qızıl medal qazanmaq ehtimalım çox azdır. Amma medal qazanmaq şansım var. Çünki digər bütün atletlər eyni səviyyədədir. Kim güclüdürsə, o da medalı əldə edəcək".

Qeyd edək ki, Dohadakı dünya çempionatı sentyabrın 27-dən oktyabrın 6-dək keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi