Natiq Bağırov: "Yeni qaydalar bəzi cüdoçular üçün zərbə olacaq"

Natiq Bağırov: "Yeni qaydalar bəzi cüdoçular üçün zərbə olacaq" "Yeni qaydaları həm hakimlərimiz, həm də idmançılarımız dəqiq bilməlidir".
Fərdi
24 Yanvar , 2022 20:17
Natiq Bağırov: Yeni qaydalar bəzi cüdoçular üçün zərbə olacaq

"Yeni qaydaları həm hakimlərimiz, həm də idmançılarımız dəqiq bilməlidir".

"Report"un məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022 - 2024 olimpiya dövrü üçün elan etdiyi yeni qaydalarla bağlı təşkil olunmuş seminar zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qarşıdakı nüfuzlu yarışlarda bu qaydalardan istifadə olunacaq: "Bu yaxınlarda Portuqaliyanın Almadı şəhərində Qran-pri yarışı olacaq. Bundan sonra isə yığmamız Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə iştirak edəcək. Ona görə də bu qaydaları bilməli və onlara riayət etməlidirlər. Mart ayından isə respublika yarışlarında bu qaydalar istifadə olunacaq. Hakimlərin də bunları yaxşı öyrənməsi vacibdir. Bilirsiniz ki, cüdo Azərbaycanın hər bir regionunda yüksək səviyyədədir. Bu səbəbdən yeni qaydaları Regionlar Komitəsi ilə birlikdə tətbiq edəcəyik".

Veteran cüdoçu köhnə qaydaların tərəfdarı olduğunu söyləsə də, yeniliklərə riayət etməli olduqlarını vurğulayıb: "Biz klassik qayda-qanuna öyrəşmişdik. İllər keçdikcə qaydalar dəyişilir və ya yenisi ilə əvəzlənir. Mən köhnə qaydaların qayıtmasını istərdim. Amma bu, subyektiv fikrimdir. Federasiya artıq yeni qaydaları təsdiq edib. Biz də buna riayət etməliyik. Yəni, bu, bizdən asılı deyil".

Federasiya rəsmisinin sözlərinə görə, yeni qaydalar arasında ayaqdan tutmaq fəndi yenə də yoxdur: "Amma bir-iki fənd edərkən qol ilə ayağı vurmaq və ya götürmək olar. Yığma üzvləri yeni qaydaları diqqətlə öyrənməlidirlər. Elə fəndlər var ki, idmançılarımız, xüsusilə Kəramət Hüseynov, Hidayət Heydərov və Orxan Səfərov onlardan çox istifadə edirlər. Artıq həmin fəndlər götürülüb. Bunları etsələr, idmançıları görüşdən kənarlaşdıra bilərlər. Ona görə də çox diqqəli olmalıyıq".

Bağırov dəyişikliyin bəzi cüdoçular üçün zərbə olacağını istisna etməyib: "Elnur Məmmədli Pekin olimpiadasında hər görüşü fərqli fəndlərlə udmuşdu. Finalda isə rəqibi ayağından tutub atmışdı. Onu edə bilməsəydi belə, başqa fəndlə qələbə qazanacaqdı. Əvvəlki dəyişiklik təkcə Məmmədli üçün yox, bu fənddən istifadə edən bütün idmançılara zərbə vurdu. Bununla belə, yeni qaydalarda müsbət dəyişikliklər də var. Məsələn, əvvəl idmançı hər hansı fənddən sonra qarnı üstə yıxılırdısa, ikinci hərəkətlə döndərəndə rəqibə vazari xalı verirdilər. Bundan sonra bu hərəkət xalla qiymətləndirilməyəcək".

Son xəbərlər

Orphus sistemi