ABŞ-li güləş mütəxəssislərinin ölkəmizdə olması böyük layihədir.
"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev qurumun inzibati binasında təşkil olunan mətbuat konfransında deyib.
O, bu cür layihələrin Azərbaycan idmanına töhfə verəcəyinə inandığını bildirib: "Onlar Azərbaycanın müxtəlif regionlarında oldular. Hər biri öz işinin mütəxəssisidir. İnanırıq ki, onların Azərbaycana səfəri tək idmanda yox, iki ölkə arasında olan dostluq əlaqələrini də möhkəmləndirəcək".
Qeyd edək ki, ABŞ-nin qadın güləşi üzrə 14 mütəxəssisi Azərbaycanda səfərdədir. Onlar mayın 25-dək davam edəcək səfər çərçivəsində “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, "ustad dərsləri" keçəcək və yerli məşqçilərlə fikir mübadiləsi aparacaqlar.