Millimizin məşqçisi: "Türkiyə ilə finalda üz-üzə gəlmək istəyirik"

Millimizin məşqçisi: "Türkiyə ilə finalda üz-üzə gəlmək istəyirik" "Tokio-2020"dən medalla qayıtmaq istəyirəm"
Fərdi
2 Aprel , 2021 09:36
Millimizin məşqçisi: Türkiyə ilə finalda üz-üzə gəlmək istəyirik
Nəriman Abdullayev

"Avropa Olimpiya Təsnifat Turnirində daha çox lisenziya qazanmaq istəyirik. Amma düşünürəm ki, 3-4 lisenziya əldə edə biləcəyik".

"Report" xəbər verir ki, bu fikirləri boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev Türkiyənin İstanbul şəhərindəki Boğaziçi turnirindən sonra yerli mətbuata açıqlamasında deyib.

Mütəxəssis Kastamonu şəhərindəki təlim-məşq toplanışının onlara çox faydalı olduğunu bildirib: "Türkiyə bizə dost rəqibdir, amma boksda dostluq olmadığı üçün idmançılar bir-biri ilə döyüşür. Döyüşdən sonra yenə dostdurlar. Olimpiadada da Türkiyə ilə finalda üz-üzə gəlmək istəyirik. Finala qədər nə biz, nə də onlar məğlub olsun. Daha sonra biri qızıl, digəri gümüş medal qazansın".

63 kq çəki dərəcəsində çıxış edən yığma üzvü, gənclər arasında Avropa çempionu Ruslan Rüstəmov boksçuların formada olduğunu söyləyib: "Olimpiadaya hazırlaşırıq. Türkiyəyə gələndə özümüzü yad hiss etmirik. Çünki bir millət, iki dövlətik. İki qardaş hazırlıq prosesində iştirak edirik. Daha əvvəl olimpiadaya lisenziya qazanmaq, sonra isə Tokio Yay Olimpiya Oyunlarında qalib olmaq niyyətindəyik".

Eyni çəkidəki Cavid Çələbiyev isə Avropa Olimpiya Təsnifat Turnirində iki qarşılaşmada qalib gəldiyini xatırladıb: "Daha bir görüşdə qələbə qazansam, olimpiadaya lisenziya əldə edəcəyəm. "Tokio-2020"dən medalla qayıtmaq istəyirəm".

Qeyd edək ki, Azərbaycan boksçuları Boğaziçi turnirində 7 medal qazanıb. Avropa Olimpiya Təsnifat Turniri 2020-ci il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb, lakin 3 gün sonra koronavirusa görə dayandırılıb. 57 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyev yarışda Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Turnir iyunun 4-də Fransanın paytaxtı Parisdə qaldığı yerdən davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi