Bakı. 12 aprel. REPORT.AZ/ Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunan kikboksinq üzrə peşəkarlararası turnir keçirilib.
"Report"un xəbərinə görə, əvvəlcə Heydər Əliyevin abidəsi önünə əklil qoyulub. Milli Qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət olunub.
Turnirin açılışında çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov deyib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: "Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi inkişafın göstəricisidir. Gələn ay İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir".
Kikboksinq Federasiyanın prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, Çingiz Qurbanovun ailəsinə dövlət səviyyəsində diqqət göstərilir. O vurğulayıb ki, Ç.Qurbanov Azərbaycan xalqının yaddaşında əbədi qalacaq: "Çingiz Qurbanov kimi gənclərə ehtiyacımız var. O, Kikboksinq federasiyasının idmançısı olub. Biz onun fəxr edirik. Gənclər Çingiz kimi vətənpərvər olmalıdır".
O vurğulayıb ki, Prezident İlham Əliyev idmana xüsusi diqqət və qayğı göstərir: "Ölkədə idman üçün lazım olan şərait yaradılıb. Ölkəmizdə idman inkişaf edir, hesab edirəm, bu inkişaf davamlı olacaq".
Sonra A.Əliyev Çingiz Qurbanovun idman ustası vəsiqəsini atası Salman Qurbanova təqdim edilib.
Tədbirdə kikboksinq idman növü üzrə nailiyyət əldə etmiş idmançılar diplom və fəxri fərmanlarla təltif edilib.
Sonra yarış başlayıb.
Kikboksinq yarışında Elşad Ələsgərov (57 kq), Elşən Qəniyev (64 kq), Turan Qədimov (67kq), Rəhim Əliyev (71 kq (low kik)), Alişan Aslanlı (81 kq (k1)), Emil Mövsümzadə (75 kq (k 1)), Bəhrəm Rəcəbzadə (91 kq (k1)) qalib olub.
Qaliblərə kubok və mükafat verilib.