Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
- 16 noyabr, 2026
- 16:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) beynəlxalq seminarında iştirak edib.
Bu barədə "Report"a MPK-dan məlumat verilib.
Qazaxıstanın paytaxtı Astanada IPC-nin dəstəyi, Qazaxıstan Milli Paralimpiya Komitəsi və Qazaxıstan Milli İdman Universitetinin təşkilatçılığı ilə beynəlxalq idman seminarı keçirilib.
Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Monqolustan və Moldovanın Milli Paralimpiya Komitələrinin nümayəndələri iştirak ediblər. MPK-nı tədbirdə mətbuat katibi Fərid Qarazadə, İdman şöbəsinin baş mütəxəssisləri Rüfət Rəhimov və Leyli Aslanova, eləcə də mütəxəssis Firdanə Allahyarova təmsil ediblər.
Seminar çərçivəsində paraidmanın inkişafı, tibbi təsnifat, media və marketinq istiqamətləri üzrə təqdimatlar keçirilib, iştirakçı ölkələr arasında təcrübə mübadiləsi aparılıb. Tədbirdə Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti tərəfindən Uşaq Paralimpiya Oyunları layihəsi, onun həyata keçirilmə istiqamətləri və əldə olunan nəticələr barədə təqdimat nümayiş etdirilib.
Seminarın sonunda Azərbaycan nümayəndə heyəti adından Qazaxıstan Milli Paralimpiya Komitəsinin baş katibinə Komitənin 30 illik yubileyi münasibətilə hazırlanmış xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, iştirakçı ölkə kimi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə xatirə plaketi, nümayəndə heyətinin üzvlərinə isə iştirak sertifikatları təqdim edilib.