Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının (ƏOK) 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Fərdi
17 Sentyabr , 2018 13:57
Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının (ƏOK) 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, mərasimdə əvvəlcə qurumun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. 

Ardınca çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Azərbaycanda idmana yüksək səviyyədə dövlət qayğısı var və əldə olununa nailiyyətlər bunun nəticəsidir: "Böyük yarışların, beynəlxalq turnirlərin ölkəmizdə keçirilməsi Azərbaycana olan etibarın bariz nümunəsdir. Burada hər zaman ədalətli oyun prinsipinə əməl olunub. Bu ay Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı da önəmli yarışıdır. Bütün yarışlarda haqsızlığın qarşısının alınması vacib məqamdır. ƏOK-un işini yüksək qiymətləndiririk".

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışı zamanı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin MOK-a rəhbərlik etdikdən sonra bir çox məsələlərə yeni baxış olub: "Həmin dövrdə ilk olaraq yaradılan qurumlardan biri də ƏOK oldu. Çünki bunadək bəzi yarışlarda haqsızlıqlarla üzləşmişdik. Qurumun 5 əsas - idmançıya, məşqçiyə, hakimə, idman xadiminə və media nümayəndəsinə verilən nominasiyası var. Bütün idmançılara ədalət prinsipləri əsasında yarışmağı arzulayıram. Ümid edirəm ki, beynəlxalq yarışlarda hakimlər də idmançılarımıza qarşı ədalətli qərarlar qəbul edəcəklər".

Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Yenyo Kamyuti isə Azərbaycanın ədalətli oyunlar sahəsində çox böyük inkişaf yolu keçdiyini söyləyib: "Bura idman ölkəsidir. Təsadüfi deyil ki, Bakıda bir sıra beynəlxalq yarışlar təşkil olunub və bundan sonra da keçiriləcək".

Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin vitse-prezidenti, Rusiya Ədalətli Oyunlar Komissiyasının sədri Nikolay Dolqopolov da ƏOK-un işini yüksək qiymətləndirib: "Xəzər İsayev çox aktiv insandır. Onun gözlənilməz təklifləri olur. Bəzən yeni ideyalara ehtiyac duyulur. Bu baxımdan, Azərbaycanın işini yüksək qiymətləndiririk. Burada keçirilən yarışlarda təşkilatçılığın çox yüksək səviyyədə olduğunu görürəm. Məsələn, "Bakı 2015" I Avropa Oyunlarını qeyd edərdim".

Rusiyalı qonaq çıxışının sonunda xüsusi hədiyyələrini təqdim edib.

Avropa Ədalətli Oyunlar Hərəkatının baş katibi İoannis Psilopoulos əlamətdar gün münasibəti ilə Milli Olimpiya Komitəsini təbrik edib: "Ədalətli oyunları inkişaf etdirməli, tolerantlığa üstünlük verilməlidir. Həmçinin, insan hüquqlarının pozulmasının qarşısının alınması üçün çalışmalıyıq. ƏOK-un bu prinsiplərə sadiq qalacağına əminəm".

İ.Psilopoulos çıxışının sonunda X.İsayevə xüsusi hədiyyə təqdim edib.

Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti, Türkiyə Ədalətli Oyunlar Komissiyasının sədri Erdoğan Arıpınar isə bildirib ki, "fair-play" Tanrının səsini duymaq deməkdir: "Fair-play" yalnız futbolda deyil. Bu, insanlıq, tanrının səsini duymaq deməkdir. Azərbaycanda bu istiqamətdə böyük işlər görülüb, çox önəmli yarışlar keçirilib, Prezident İlham Əliyevin, vitse-prezident Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Azad Rəhimov və Çingiz Hüseynzadə kimi şəxslərin də əməyini qeyd edərdim".

Türkiyəli qonaq da X.İsayevə xüsusi mükafat verib.

Sonda çıxış üçün söz MOK-un vitse-prezidenti, ƏOK-un sədri Xəzər İsayevə verilib. O, qonaqları Bakıda görməkdən məmnun olduğunu deyib: "Bu gün ədalət prinsiplərini təbliği zalda görsənir. Komissiyanın yaranması cənab İlham Əliyevin təşəbbüsü ilə olub. Artıq 20 illik yubileyimizdir. Hər birimiz çalışmışıq ki, Azərbaycanda keçirilən yarışlarda ədalət prinsiplərinə əməl olunsun. Yaxın günlərdə Bakıda cüdo üzrə dünya çempionatı start götürəcək. Yarış çərçivəsində tədbirlər nəzərdə tululub".

Yekunda X.İsayev qurumun fəaliyyətindən bəhs edən "Azərbaycanda Ədalətli Oyunlar - 20 il" kitabını və təşkilatın yeni loqosunu təqdim edib.

Son xəbərlər

Orphus sistemi