Milli Gimnastika Arenasından “Tokio 2020”yə gedən yol - REPORTAJ

Milli Gimnastika Arenasından “Tokio 2020”yə gedən yol - REPORTAJ Həftəsonu Milli Gimnastika Arenasında ilin ikinci böyük yarışı - kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək.
Fərdi
12 Mart , 2019 17:07
Milli Gimnastika Arenasından “Tokio 2020”yə gedən yol - REPORTAJ

Həftəsonu Milli Gimnastika Arenasında ilin ikinci böyük yarışı - kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək.

“Report” xəbər verir ki, martın 14-də start götürəcək yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.

Dörd gün davam edəcək turnirdə 41 ölkədən 120-yə yaxın kişi, 40-dan çox qadın gimnastın mübarizə aparacağı gözlənilir. Artıq Braziliya, Meksika, Yaponiya, Avstraliya, Yeni Zellandiya kimi ölkələrin yığma komandaları yarışın baş tutacağı arenada məşqlərini davam etdirirlər.

Təsnifat xarakterli Dünya Kuboku seriyasının ilk yarışı ötən ilin noyabrında Almaniyanın Kotbus şəhərində 50 ölkənin iştirakı ilə start götürüb. Bu ilin fevralında isə 32 ölkədən idman gimnastları Avstraliyanın Melburn şəhərində baş tutmuş yarışda çıxış ediblər. Azərbaycanın ev sahibliyi edəcəyi sayca 3-cü təsnifat yarışına olimpiya mükafatçıları, dünya və Avropa çempionatnın medalçıları qatılacaqlar. İlin sonuncu olimpiya təsnifatı yarışı 20 – 23 martda Qətərin paytaxtı Dohada keçiriləcək.

Kişi gimnastlar sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar və turnikdə qüvvələrini sınayacaqlar. Qadınlar isə dayaqla tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və xalça üzərində sərbəst hərəkətlərdə mübarizə aparacaqlar.

Azərbaycanı Dünya Kubokunda 4 idman gimnastı – 3 kişi və 1 qadın təmsil edəcək. Kişilərin yarışına Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınlarda isə Marina Nekrasova qatılacaq. Ağarzayev sərbəst hərəkətlər, dəstəli at və dayaqla tullanma, Simonov halqalar, paralel qollar və turnikdə, Tixonov və Nekrasova isə bütün hərəkətlərdə mübarizə aparacaq.

Dünya Kuboku ərəfəsində “Report”a danışan Murad Ağarzayev bildirib ki, yığma üzvlərinin hamısının məqsədi “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. 21 yaşlı idmançının sözlərinə görə, Bakıdakı Dünya Kuboku dünya çempionatı səviyyəsində yarışdır: “Milli Gimnastika Arenasında, doğma publika önündə səviyyəli proqramlar, yaddaqalan çıxışlar göstərmək istəyirik. Yarışa çox yaxşı hazırlaşmışıq. Əziyyətimizin hədər getməyəcəyinə ümid edirəm. Dünya Kubokunun başlamasına 2 həftə qalmış məşqlərimiz bir az yüngülləşib. Rəqiblərimin hamısını yaxşı tanıyıram. Aralarında Yay Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçıları var. Çox güclü yarışdır. Bunu Dünya Kuboku yox, dünya çempionatı səviyyəsində yarış hesab edirəm. Məqsədimiz olimpiadaya vəsiqə qazanmaqdır. Bu baxımdan, yaxşı şanslarımızın olduğunu düşünürəm”.

İvan Tixonov isə Azərbaycan idmançılarının mükafatçılar sırasına düşmək şanslarını dəyərləndirib: “Hazırlığımız əla gedir. İki yoxlama məşqimiz çox yaxşı keçdi. Kombinasiyaları səhvsiz yerinə yetirsək, final mərhələsinə düşüb, medallar uğrunda mübarizə apara bilərik. Mükafatçılar sırasında yer almaq şansımızın 50 faizdən çox olduğunu düşünürəm. Ümid edirəm ki, təsnifat mərhələsini uğurla başa vuraraq 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazana biləcəyik”.

Nikita Simonov isə Bakıdakı Dünya Kubokunu olimpiadaya gedən yol adlandırıb: “Yarışa əla köklənmişik, hamımız yaxşı formadayıq. Sevimli növüm olan halqalarla hərəkətlərdə fəxri kürsüyə yüksəlməyi hədəfləmişəm. Bakıdakı Dünya Kuboku olimpiadaya gedən yoldur. Bu baxımdan, ilk addımımı atmaq istəyirəm. Ötən il dünya çempionatında debütümdə 7-ci yeri tutdum. Amma bu, rəqabət üçün yaxşı imkan idi. Bundan sonra yarışlarda yüksələn templə nəticə göstərmək istəyirəm”.

Dünya Kubokunun açılış mərasimi martın 14-də saat 12:00-da başlayacaq. ilk iki gündə təsnifat, sonrakı iki gün ərzində isə final mərhələləri olacaq. Martın 15-də isə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Yeri gəlmişkən, ötən həftə Milli Gimnastika Arenasında Dünya Kubokunun yoxlama-məşq toplanışı keçirilib. Təşkilat Komitəsi yoxlama toplanışını yarış formatında test edərək, bölmələr üzrə hazırlıq prosesini dəyərləndirib. Həmçinin Ağarzayev, Tixonov, Simonov və Nekrasova öz proqramlarını tam şəkildə icra ediblər.

Qeyd edək ki, Dünya Kuboku üçün biletləri Milli Gimnastika Arenasının kassasından, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən, həmçinin onlayn əldə etmək olar. Təsnifat günləri üçün biletin qiyməti 10 manat, final günləri üçün isə 15 manat təşkil edir. Bundan əlavə, “Mövsümi Bilet”i də arenanın kassasında almaq mümkündür.

Daha əvvəl 16 – 17 fevralda Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib.

Milli Gimnastika Arenası bu il lisenziya xarakterli 2 Dünya Kuboku və 1 dünya çempionatına ev sahibliyi edəcək. Həftəsonu start götürəcək yarışdan əlavə, 26 - 28 apreldə bədii gimnastika üzrə Dünya Kubokunun finalı, 16 - 19 mayda Avropa çempionatı təşkil olunacaq. 24 - 26 mayda isə aerobika üzrə Avropa çempionatı nəzərdə tutulub. 20 - 28 iyulda paytaxtda ilk dəfə daha bir mötəbər yarış - Avropa Gənclər Olimpiya Festivalı gerçəkləşəcək. Bu festival çərçivəsində idman gimnastikası üzrə yarışlar olacaq. İlin son yarışı isə 16 – 22 sentyabrda keçiriləcək lisenziya xarakterli bədii gimnastika üzrə dünya çempionatıdır. 

FOTO: Firi Səlim

Son xəbərlər

Orphus sistemi