Məmmədəli Mehdiyev: "Finaladək irəliləmək əziyyət tələb edir"

Məmmədəli Mehdiyev: "Finaladək irəliləmək əziyyət tələb edir" "Özümə inanıram"
Fərdi
10 Fevral , 2022 16:27
Məmmədəli Mehdiyev: Finaladək irəliləmək əziyyət tələb edir

"Bu yarışda medal qazanmaq ən böyük məqsədlərimdən biri idi, finaladək irəliləmək böyük əziyyət tələb edir"

Bunu "Report"a açıqlamasında Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə gümüş medal qazanmış Azərbaycan millisinin cüdoçusu Məmmədəli Mehdiyev deyib.

90 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, Böyük Dəbilqənin medalı həm nüfuzu, həm də görünüşü ilə digər yarışlardan seçilir: "Bu yolu fəth etmək çox əziyyətli olsa da, sevinirəm və qürur duyuram ki, medal qazana bilmişəm".

29 yaşlı cüdoçu yarışda müxtəlif ölkələri təmsil edən güclü idmançıların olduğunu diqqətə çatdırıb: "Təbii ki, qarşılaşmaların nəticəsi fərqli də ola bilərdi. Finalda yaponiyalı Sanşiro Muraoya uduzdum. Görüş ərzində hesabda irəlidə idim və qalibiyyətə yaxınlaşmışdım. Özümə inanıram və növbəti görüşlərdə bu fərqi aşıb daha da irəli gedə biləcəyimizə əminəm".

Mehdiyev Azərbaycan cüdoçularının Yaponiya təmsilçilərinə qarşı sindromunun olması fikri ilə razılaşmayıb: "Düşünmürəm ki, cüdoçuların Yaponiya idmançıların qarşı sindromu var. Hesab edirəm ki, idmançılarımız qızıl medal qazanıb-qazanmamasından asılı olmayaraq, hər zaman sevilməli, dəstəklənməlidir. Çünki onların hamısı çox yüksək səviyyəli cüdoçulardır və mütləq uğur qazanacaqlar. Onlara inanmaq lazımdır".

Cüdoçu müxtəlif Böyük Dəbilqə yarışlarının finalında uduzmasına da münasibət bildirib: "2019-cu ildə Almaniyanın Dusseldorf şəhərində çempion olmuşdum. Finaladək irəliləmək çox əziyyətli prosesdir, bunun özü də bir qalibiyyətdir. Cüdoda rəqabətin səviyyəsi yüksəkdir. Final qarşılaşmaları gözlənilməz nəticələr verə bilir. Artıq sabahdan bütün gücümüzü ortaya qoyaraq Tel-Əvivdə keçiriləcək Böyük Dəbilqədə yüksək nəticələr əldə etməyə çalışacağıq".

İdmançı 90 kq-da rəqabətin az olmadığını sözlərinə əlavə edib: "Azərbaycan millisində rəqabət mənim çəkimə görə az deyil. Hazırda bu çəkidə lider olsam da, yeni yetişən nəsil arasınsa Rüfat İsmayılov, Vüqar Talıbov kimi perspektivli cüdoçular var. Göstərdiyim yüksək nəticələrin əsas səbəbi nisbətən təcrübəli olmağımdır. Zamanla onların da yüksək nəticələr əldə edəcəklərinə inanıram".

Son xəbərlər

Orphus sistemi