Bu medal bizim üçün qızıldan da dəyərlidir.
“Report” xəbər verir ki, bunu vətənə qayıdan İtaliyanın Pesaro şəhərində keçirilmiş dünya çempionatının gümüş mükafatçısı Mədinə Mustafayeva jurnalistlərə açıqlamasında söyləyib.
“Sevincimi sözlə ifadə edə bilmərəm. Əziyyətimizin bəhrəsini gördüyümüzə görə çox sevinirik. Bu medal bizim üçün qızıldan da dəyərlidir”, – idmançı deyib.
O, “mübarizənin çox çətin” olduğuna diqqət çəkib: “Təbii ki, mübarizə çox çətin idi, asan heç nə yoxdur. Əslində, məqsədimiz gələn il keçiriləcək Dünya Oyunlarına vəsiqə qazanmaq idi – ilk altılığa daxil olmaq. Bununla belə, yarışı ikinci bitirdik”.
İdmançı kvalifikasiyadan fərqli olaraq final mərhələsində daha özünəəmin çıxış etməsinin səbəbini açıqlayıb: “Kvalifikasiya daha önəmli idi deyə həyəcanlı idim, çünki, dediyim kimi, məqsədimiz Dünya Oyunlarına vəsiqə qazanmaq idi. Vəsiqəni qazandıqdan sonra artıq itirəcək bir şey yox idi deyə daha ürəklə çıxış etdim”.
Xatırladaq ki, Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıblar. Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütü fəxri kürsünün ikinci pilləsinə qalxıb.
İdmançılar oktyabrın 1-də vətənə qayıdıblar.