Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyevin "Report"a eksklüziv müsahibəsi
- Öncə "Əziz Şuşa" beynəlxalq velosiped yarışı barədə təəssüratlarınızı bilmək istərdik...
- Bu gün belə bir möhtəşəm yarışdan danışırıqsa, ulu öndəri yada salmamaq günahdır. Bu, Heydər Əliyevin 1993-cü ildə qoyduğu təməlin nəticəsidir. 1990-cı illərin əvvəlində itirdiyimiz Qarabağ torpaqlarını 30 ildən sonra azad etdik. Arzu, ümidlə yaşayırdıq ki, Şuşada toy-bayram edəcəyik, idman yarışları keçirəcəyik. Baxın, həmin gün gəlib çatdı. Cənab Prezident İlham Əliyev ulu öndərin siyasətini məharətlə davam etdirir. Azərbaycan tək idmanda deyil, bütün sahələrdə inkişaf edir. Bunun nəticəsidir ki, bu gün hər bir regionda yüksək səviyyəli infrastruktur qurulub, yollar çəkilib, hotellər tikilib. Ona görə də biz belə möhtəşəm yarışları keçirə bilirik. Azərbaycan təhlükəsizlik baxımından nümunəvi dövlətdir. Regiondan, vaxtdan asılı olmayaraq, hamı rahat gəzə bilir, onların təhlükəsizliyi təmin olunur. Eyni zamanda, tolerant ölkəyik. Burada dinindən, irqindən, milliyətindən asılı olmayaraq, hər kəs rahat gəzə bilər. Dövlət başçısının apardığı siyasətin nəticəsidir ki, Azərbaycanda bu cür gözəl yarış təşkil olunur. İştirakçılardan, xarici qonaqlardan da soruşa bilərsiniz. Onlar mənə deyirlər ki, həm buradakı qonaqpərvərliyə, həm şəraitə heyranıq. Şəhərdəki gözəllikləri, insanlardakı qonaqpərvərliyi görüb təəccüblənirlər.
- Veloturun ikinci mərhələsi Şuşada olacaq. Bu, Şuşanın azad olunmasından sonra orada ilk beynəlxalq yarışdır...
- 8 ölkədən 75 idmançı iştirak edəcək. Yarış Füzuli aeroportundan start götürəcək və idmançılar ölkə başçısının tapşırığı ilə çəkilmiş Zəfər yolu ilə Şuşaya çatacaq.
- Relyef idmançılar üçün çətinlik yaratmayacaq?
- Bunun gözəlliyi də məhz ondadır. 71 km-lik yolda 2 km 485 m hündürlük var. Peşəkar idmançılar üçün maraqlı yarış olacaq.
- Bilirsiniz ki, Azərbaycanda uzun müddət "Tour d Azerbaidjan" yarışı keçirildi. Bu yarışın bərpası, hətta bir mərhələsinin Şuşaya olması ilə bağlı nə kimi planlarınız var?
- Bəli, əvvəllər belə yarış təşkil olunub. Amma orada əksər idmançılar və təşkilatçılar əcnəbilər olub. Bugünkü nailiyyətimiz odur ki, hakimlər, könüllülər azərbaycanlıdır. Sadəcə, baş hakimi Niderlanddan dəvət etdik. Çünki bu yarış ilk dəfə keçirilir. Dünən mənimlə görüşəndə dedi ki, hər şey yüksək səviyyədədir. Bu yarışı hər il ənənəvi şəkildə keçirmək istəyirik.