Marneulidə kikboksinq üzrə turnir keçirilib

Marneulidə kikboksinq üzrə turnir keçirilib Gürcüstanın Marneuli şəhərində kikboksinq üzrə turnir təşkil olunub.
Fərdi
28 fevral 2025 18:15
Marneulidə kikboksinq üzrə turnir keçirilib

Gürcüstanın Marneuli şəhərində kikboksinq üzrə turnir təşkil olunub.

“Report”un yerli bürosunun məlumatına görə, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə kikboksinq üzrə turnir keçirilib.

Yarış “Azərbaycan Evi”nin idman zalında baş tutub.

Yeddiqat dünya və üçqat Avropa çempionu Alim Nəbiyev “Report”un yerli bürosunun əməkdaşı ilə söhbətində turnirə 150 idmançının qatıldığını deyib:

“Fevralın 27-də start götürən turnirə Gürcüstanın 13 regionundan 150 idmançı qatılıb. Yarışda 27 kq-dan 91 kq-a qədər çəki dərəcəsində, 10 yaşdan 18+ yaşadək idmançılar güclərini sınayıb. Azərbaycanlı və gürcü idmançılar arasında keçirilən qarşılaşmalar böyük maraqla izlənilib.

Bu gün 50 idmançı finala yüksəlib və həlledici döyüşlər keçirilir. Turnir Gürcüstanda kikboksinqin inkişafına və iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməyi hədəfləyib”.

O, təşkil olunan bu turnirin yalnız idman yarışması olmadığını, eyni zamanda gənclər arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

“İdman rəqabətdən daha çox xalqları bir araya gətirən güclü sosial platformadır. Gürcüstanda keçirilən bu cür turnirlər Azərbaycan və gürcü xalqları arasındakı tarixi dostluğu möhkəmləndirir, azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqarsiyasını sürətləndirir. Yarış zamanı idmançılar rinqdə rəqib, kənarda isə dost və qardaş kimi münasibət qururlar”.

A.Nəbiyev əlavə edib ki, belə tədbirlərin davamlı keçirilməsi gənclərin sağlam həyat tərzi seçməsinə və iki xalq arasında daha güclü münasibətlərin qurulmasına zəmin yaradır.

Orphus sistemi