Mariya Stadnik: "Finalda çox güləşdim ki, qızım narazı qalmasın"

Mariya Stadnik: "Finalda çox güləşdim ki, qızım narazı qalmasın" "Bu cür uğura görə sevincliyəm. Övladlarım ilk dəfə tribunada mənim mübarizəmə tamaşa edirdilər".
Fərdi
10 Avqust , 2022 20:38
Mariya Stadnik: Finalda çox güləşdim ki, qızım narazı qalmasın

"Bu cür uğura görə sevincliyəm. Övladlarım ilk dəfə tribunada mənim mübarizəmə tamaşa edirdilər".

Bunu "Report"un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanması barədə danışarkən deyib.

50 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxmış 34 yaşlı idmançı bildirib ki, hər dəfə döşək üzərinə çıxanda övladları onu qələbəyə səsləyiblər: "Qızım dedi, ana, 1,5 saat gözlədim ki, çıxıb mübarizə aparacaqsan. Sən isə çox qısa zamanda qalib gəldin (gülür). Ona görə də finalda nisbətən çox güləşdim ki, qızım narazı qalmasın".

Uzun fasilədən sonra xalçaya qayıdan Stadnik yalnız ilk görüşdə psixoloji təzyiq hiss etdiyini söyləyib: "Sonradan hər şey qaydasına düşdü. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. İstərdim ki, idmandakı uğurlarımız insanlara sülh və əmin-amanlıq gətirsin".

Titullu pəhləvan 10 - 18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirakını planlaşdırdığını bildirib: "Övladlarım mənə deyirlər ki, burada bu cür qələbələr qazanmısansa, dünya çempionatına mütləq qatılmalısan".

Son xəbərlər

Orphus sistemi