"Bu yarışda nokaut sisteminə asanlıqla və ya çətinliklə düşməyin heç bir mənası yoxdur. Əsas məsələ pley-offa qatılmaqdır".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyası və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində çıxışları barədə danışarkən deyib.
Federasiya rəsmisi bu yarışda əsas mübarizənin pul mükafatları uğrunda getdiyini bildirib: "Nəzərə almaq lazımdır ki, bu, kommersiya yönümlü, sürətli oyunlar rejimində keçirilən onlayn turnirdir. Bu, həm nüfuz, həm idman nailiyyətləri, həm maddi vəziyyəti yaxşılaşdırmaq, həm pul qazanmaq, həm də dünya şahmat elitasında yerini möhkəmləndirmək nöqteyi-nəzərindən vacibdir. Amma rəsmi dünya səviyyəli yarış deyil. Ona görə udmaq da olar, uduzmaq da. Burada əsas mübarizə pul, maddi vəsait qazanmaq ətrafında gedir".
Məmmədov hər iki qrossmeysterin turnirdə inamlı təsir bağışladığını bildirib: "Həm Məmmədyarov, həm də Rəcəbov çox gözəl çıxış edir. Ötən günün nəticələri bizim üçün uğurlu oldu. 1/4 finalda Şəhriyar iki dəfə Alireza Firuzcanı məğlub etdi. Firuzca çox istedadlı və həddindən artıq ümidverici şahmatçı, yeni ulduzdur. Teymur isə dünya çempionu Karlsenlə 4 dəfə problemsiz heç-heçə etdi. Bu gün ikinci qarşılaşmalar olacaq. Məmmədyarovun üzərinə düşən məsuliyyət Rəcəbovdan fərqlənir. Teymurun qarşısında duran vəzifəsi bir az çətindir. Dünya çempionu ilə oynamaq tam başqa konsentrasiya, güc-qüvvət və ustalıq tələb edir. Ümidvarıq ki, hər ikisi yaxşı qurtaracaq. Lakin bunu dünya səviyyəli yarışlarla bərabər qiymətləndirmək düzgün deyil".
FIDE rəsmisi Rəcəbovla Məmmədyarovun növbəti dəfə öz aralarında heç-heçə oynamalarına da toxunub: "Bu. bir daha mənim dediklərimi təsdiq edir. Bilirsiniz, bu barədə əvvəllər danışanda xüsusilə Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirləri vurğulamışdım. Bunların hər zaman heç-heçə oynamaları şahmat nüfuzlarına müsbət xallar qazandırmır. Amma bəlkə doğrudan da gücləri bərabərdir?! Bunu da istisna etmirəm. Reytinq əmsalları da təxminən bərabərdir. Mən ümumiyyətlə heç-heçə xoşlamayan adamam. Vaxtilə belə bir misal var idi: şahmatı "heç-heçə ölümü" gözləyir. Yəni, heç-heçələr şahmatı bir idman növü kimi öldürmək gücünə qadir idilər. Ona görə oyunu sürətləndirməklə, qələbəyə 3 xal verməklə və müxtəlif qaydalarla heç-heçəyə qarşı mübarizə var. Maqnus Karlsenlə Fabiano Karuananın şahmat tacı uğrunda 2019-cu ildəki son matçında 12 bərabərlik qeydə alındı. Bu, şahmatın imicinə böyük zərbədir. Əlbəttə, hamı nəticə istəyir. Məhsuldar və maraqlı idman mübarizəsi şahmatı irəliyə aparır. Heç-heçələr isə onu geri salır".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.