Mahir Məmmədov: "Karlseni turnirə dəvət etmək idman və etika baxımından düzgün olmazdı"

Mahir Məmmədov: "Karlseni turnirə dəvət etmək idman və etika baxımından düzgün olmazdı" "Şahmat ictimaiyyəti üçün çox sevindirici, əlamətdar haldır ki, bu turnir baş tutdu. Əlbəttə, pandemiya dövrü öz dramatik düzəlişlərini edirdi. Xoşbəxtlikdən Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və bizim g
Fərdi
167
18 Dekabr , 2021 17:11
Mahir Məmmədov: Karlseni turnirə dəvət etmək idman və etika baxımından düzgün olmazdı
Mahir Məmmədov

"Şahmat ictimaiyyəti üçün çox sevindirici, əlamətdar haldır ki, bu turnir baş tutdu. Əlbəttə, pandemiya dövrü öz dramatik düzəlişlərini edirdi. Xoşbəxtlikdən Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və bizim gözəl sponsorumuz SOCAR şirkəti turnirin keçirilməsi üçün əllərindən gələni etdilər".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Bakıda Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin açılış mərasimindən sonra deyib.

O bildirib ki, turnir klassik yox, rapid-blits formatında təşkil olunur: "Bu, pandemiya dövründə şahmatçılar üçün daha əlverişli formatdır. Çətinliyimiz dünyanın həddindən artıq gərgin olan şahmat təqvimində bu turnirə yer tapmaqdan ibarət idi. Maqnus Karlsen və Yan Nepomnyaşinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat tacı uğrunda matçları ilə qarşıdan gələn rapid-blits şahmatı üzrə dünya çempionatı arasında 7-8 gün vaxtı güclə tapa bildik. Yaxşı ki, dünyanın adlı-sanlı, güclü şahmatçıları bizim dəvətimizə müsbət reaksiya verdilər. Turnirdə Azərbaycana tez-tez gələn hindistanlı Vişvanatan Anand iştirak edir. Anand 3 sistemdə keçirilən dünya şahmat tacı uğrunda matçların qalibidir. Bu, mütləq rekorddur. Rusiyalı Sergey Karyakin və ABŞ təmsilçisi Fabiano Karuana iddiaçı olub. Bir sözlə, bizim məşhur şahmatçılarımız - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, həmçinin Həşimovun adaşı olan Vüqar Əsədli da memorialda çıxış edir. Məncə, maraqlı şahmat mübarizəsinin şahidi olacağıq".

Norveçli dünya çempionu Maqnus Karlsenin turnirdə iştirak etməməsinin səbəbini də açıqlayan M.Məmmədov ona dəvət göndərməyin idman etikası baxımından düzgün olmadığını vurğulayıb: "Bilirsiniz ki, Karlsen əvvəlki 6 turnirin 4-də iştirak edib və hər birində qalib gəlib. Bu turnirlər Şəmkirdə keçirilmişdi. Tarixdə ilk dəfədir ki, memorial Bakıda təşkil olunur. Əlbəttə, Karlseni bura dəvət etmək haqqında düşünmürdük. Çünki şahmat tacı uğrunda mübarizə aparırdı. Belə bir vaxtda şahmatçıya əlavə təkliflərlə müraciət etmək idman və etika baxımından düzgün olmazdı. Qələbə qazandıqdan 1 gün sonra yeni turnirə qatılmaq da mümkün olan ssenari deyil. Ümid edirəm ki, növbəti turnirlərdə əvvəlki illərdə olduğu kimi iştirak edəcək. Turnirin təşkilatçılığı qısa vaxtda oldu. Ona görə də bir çox təşkilati işləri seytnot şəraitində həll etməli olduq".

Son xəbərlər

Orphus sistemi