Lüis Hemilton: “Azərbaycan Qran-prisində əvvəlkindən də yüksək nəticəyə nail olmaq istəyirəm”

Lüis Hemilton: “Azərbaycan Qran-prisində əvvəlkindən də yüksək nəticəyə nail olmaq istəyirəm” “Bakıdakı tras əladır. Hərçənd, son iki mövsümdə orada problemlə üzləşmişəm”.
Fərdi
15 Aprel , 2019 10:51
Lüis Hemilton: “Azərbaycan Qran-prisində əvvəlkindən də yüksək nəticəyə nail olmaq istəyirəm”

“Bakıdakı tras əladır. Hərçənd, son iki mövsümdə orada problemlə üzləşmişəm”.

“Report” xəbər verir ki, bunu “Formula 1” üzrə Çin Qran-prisinin qalibi olan beşqat dünya çempionu Lüis Hemilton deyib. 

Şanxay beynəlxalq avtodromundakı yarışda rəqiblərini qabaqlayan Almaniyanın “Mercedes” komandasının pilotu 26 - 28 apreldə keçiriləcək Azərbaycan Qran-prisi barədə də fikirlərini bölüşüb.

34 yaşlı britaniyalı sürücü mövsümün 4-cü mərhələsində də qələbəni bayram etmək istədiyini vurğulayıb: “Maraqlı həftəsonudur. Bakıda əvvəlkindən də yüksək nəticəyə nail olmaq istəyirəm. Ötən mövsüm bəxtim gətirdi və orada qalib gəldim. Halbuki maşınımın sürəti yetərli deyildi. Bakıda komanda yoldaşım Valtteri Bottasın və xüsusən də “Ferrari”nin sürətli olacağını düşünürəm”.

“Mercedes” Şanxaydakı zəfərlə 1992-ci ildən bəri mövsümün startında ardıcıl 3 qələbə əldə edən ilk komanda olub. Lakin Hemiltonun fikrincə, İtaliya “Ferrari”si onlardan geri qalmır: “Sakit formada işləməyə davam edəcəyik. Çempionatda gərgin mübarizə var. “Red Bull”un hansı formada olması barədə konkret bir söz deyə bilmərəm. Amma “Ferrari” demək olar ki, bizdən geri qalmır. Kim bilir, bəlkə də növbəti yarışların baş tutacağı traslar onların bolidlərinə daha uyğun gələcək. “Ferrari” düz istiqamətin çox olduğu yollarda daha sürətli görünür, lakin döngələrdə vaxt itkisi ilə üzləşirlər. Bəzi traslarda bu məqam onlara kömək olur. Ola bilsin, Bakıda sürətli oldular, ancaq hansısa başqa trasda işə yaramasın”.

Qeyd edək ki, Hemilton Şanxaydan öncə, Bəhreyn Qran Prisində birinci yeri tutub. Onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

Son xəbərlər

Orphus sistemi