Tbilisidəki Gimnastika Arenasında uşu-sanda üzrə IX Gürcüstan Kuboku keçirilir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrindən olan komandalarla yanaşı, ilk dəfə Kvemo Kartli bölgəsini təmsil edən azərbaycanlı idmançılar da iştirak edirlər.
Kvemo Kartli Uşu-Sanda Federasiyası bu ilin martında yaradılıb və turnirdə 8 yaşdan yuxarı 32 döyüşçü 4 yaş kateqoriyasında rinqə çıxır. Yarışdan əvvəl bölgədə 20 günlük hazırlıq mərhələsi təşkil olunub.
Federasiyanın prezidenti, Azərbaycanın dünya və Avropa çempionu Canpolad Budaqov, məşqçi Əli Qənbərov “Report"un Gürcüstan bürosuna bildiriblər ki, turnir azərbaycanlıların iştirak etdiyi ilk genişmiqyaslı rəsmi idman tədbiridir. Komanda artıq ilk uğurunu da əldə edib. Belə ki, Qeyrət Cəlilov döyüşdə qalib gəlib.
İki gün davam edəcək yarışdan sonra idmançılar Tbilisidəki Heydər Əliyev büstünü ziyarət edəcək və turnirdəki uğurlar Ümummilli Liderin doğum gününə həsr olunacaq. Turnir eyni zamanda yeni mövsümün açılışı hesab olunur və beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.








