Konya İslamiadanın açılışında Bakı təcrübəsindən yararlanıb

Konya İslamiadanın açılışında Bakı təcrübəsindən yararlanıb V İslam Həmrəyliyi Oyunlarının təşkil olunduğu Türkiyədə Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay mətbuat konfransı keçirib.
Fərdi
17 Avqust , 2022 11:22
Konya İslamiadanın açılışında Bakı təcrübəsindən yararlanıb

Türkiyədə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Konyanın Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay mətbuat konfransı keçirib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, sədr indiyədək idman sahəsində əldə etdikləri nailiyyətlərdən danışıb.

O, 2023-cü ildə Konyanın Dünya İdman paytaxtı seçildiyini və şəhərdə bir çox idman infrastrukturunun qurulduğunu diqqətə çatdırıb. O, İslamiada zamanı ümumilikdə 24 növdə 4200 idmançını qəbul etdiklərini vurğulayıb.

Açılışa Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin də qatılması ilə çox gözəl mərasim gerçəkləşdirdiklərini söyləyən Altay 2025-ci ildə VI Oyunları təşkil edəcək Kameruna çox gözəl nümunə, islam dünyasına mesajlar verdiklərini diqqətə çatdırıb.

Bələdiyyə rəhbəri könüllülərə, 56 ölkədən gələn idmançı və məşqçilərə, hakimlərə, bütün konyalılara, rəsmi şəxslərə və jurnalistlərə təşəkkürünü bildirib.

O, avqustun 18-də Bakı vaxtı ilə saat 21:00-da bağlanışı da yüksək səviyyədə təşkil edəcəyini dilə gətirib.

Sədr Türkiyə və Konyanın Yay Olimpiya Oyunlarını keçirməyə hazır olduğunu da bəyan edib.

İslamiadaya yetərincə büdcənin xərcləndiyini deyən Altay bundan daha önəmli məsələ kimi Türkiyə və Konyanın tanıdılması, ölkənin qonaqpərvərliyini hədəflədiklərini dilə gətirib.

O, yarış məkanlarında media üçün çatışmazlıqları özlərinin qüsuru kimi dəyərləndirib. Bununla yanaşı, Altay açılış mərasiminə Prezident İlham Əliyevin ailəsi ilə birlikdə qatılmasından məmnunluq və təşəkkür ifadə edib. O, Bakının 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb və xüsusən açılış mərasimi zamanı Azərbaycan təcrübəsindən yararlandıqlarını vurğulayıb.

Açılış mərasimindən sonra ot örtüyünün sıradan çıxmasına dair iddialara da münasibət bildirən bələdiyyə sədri ən qısa müddətdə ot örtüyünü hibrid texnologiyası ilə dəyişəcəklərini açıqlayıb. Lakin onun fikrincə, "Konyaspor"un UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Lixtenşteyn "Vaduts"una uduzaraq mübarizəni dayandırması heç də ot örtüyünün vəziyyəti ilə əlaqədar deyil: "Hər iki komanda eyni şərtlər altında oynadı. Mövsümi vəziyyət də ot örtüyünün durumuna təsirsiz ötüşmədi".

Son xəbərlər

Orphus sistemi