“Bakı Atıcılıq Mərkəzi möhtəşəmdir”.
Bunu “Report”a açıqlamasında Bakıda təşkil olunan dünya çempionatında 50 metr məsafəyə uzanaraq tüfəngdən atəşaçma növündə qarışıq komanda şəklində qızıl medal qazanan İsveçrə yığmasının qadın atıcısı Çiara Leone deyib.
O, hələ mundialdan əvvəl bu yarışa ciddi hazırlaşdıqlarını bildirib: “Müəyyən çətinliklər olsa da, qalib gəlməyi bacardıq. Yarışa çox yaxşı hazılaşmışdıq. Ölkəmizdə bu növ üçün xüsusi məşq etmişdik. Dünya çempionluğu üçün nə etməli olduğumuz haqqında öz aramızda danışmışdıq. Hətta ikinci pillənin də bizim olmasını istəyirdik. Buna nail olduq”.
Çiara Leone yarışın təşkilatçılığı barədə də müsbət fikirlər səsləndirib: “Bir neçə dəfə mərkəzdə olmuşuq. Burada hər dəfə atəş açmaqdan məmnunuq”.
Qeyd edək ki, Yan Loxbihler və Çiara Leonedən ibarət İsveçrə yığması 1249.7 xalla qızıl medallara sahib olub. İkinci yeri isə İsveçrənin digər atıcıları Kristoff Duer və Sarina Hitz (1247.2 xal) tutublar.