"İnana bilməzdim ki, İslamiadada ikinci yeri tutaram. Emosiyalar çoxdur. Şadam ki, ölkəmin bayrağını qaldıra bildim. Təəssüf ki, birinci yeri tuta bilmədim. Lakin növbəti yarışda birinci olacağıma ümidvaram".
Bunu "Report" Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşına müsahibəsində V İslam Həmrəyliyi Oyunlarında üç təkanla tullanma növündə gümüş medal qazanmış Azərbaycan atleti Yekaterina Sariyeva deyib.
27 yaşlı idmançı bildirib ki, bu, karyerasında yeni uğurdur: "Deyə bilərəm ki, bu, ən böyük nailiyyətimdir. Çünki burada şəxsi rekordumu da yenilədim".
Sariyeva onu da qeyd edib ki, atletikadan para-atletikaya keçid edənlərə pis baxmır: "Hələlik para-atletikada çıxış etməyi düşünmürəm. Sağlamlarda uğura nail olmaq istəyirəm. Həm də para-atletikada üç təkanla tullanma növü yoxdur. Ancaq səhhəti imkan vermirsə, idmançının atletikadan para-atletikaya keçməsinə pis yanaşmıram. İdmançının gözündə və ya fiziki durumunda problem yaranırsa, buna normal yanaşmaq lazımdır. Elə idmançı olur ki, atletikada qazanmadığı uğurları para-atletikada əldə edir".
İslamiada mükafatçısı Almaniyanın Münxen şəhərində start götürən XXV Avropa çempionatına qatılacağını da diqqətə çatdırıb: "Bu gün biz Avropa çempionatına yollanacağıq. Bu, böyüklər arasında ilk qitə çempionatım olacaq. Ümid edirəm ki, Münhendə də Azərbaycanın bayrağını qaldıracağam. Orada rəqabət daha güclü, xanım atletlərin sayı daha çox olacaq".