"Həqiqədən də Ukraynada çox dəhşətli hadisələr baş verir. Bu, filmdən daha qorxuludur".
Bunu "Report"a müsahibəsində Azərbaycanın əslən ukraynalı cüdoçusu, Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanmış İrina Kindzerska deyib.
31 yaşlı idmançı Ukraynada hər yerdə partlayışların baş verdiyini bildirib: "Başınızın üstündə helikopterlər, raketlər, dronlar uçur. Sənə yaxın olan insanlar ölürlər. Qonşumuz küçədə oğlu ilə gedərkən atəşə tutularaq öldürüldü. Onları parkda dəfn etdilər. Digər qonşum məndən bir gün sonra şəhəri tərk etdi. Həyat yoldaşı və 6 yaşlı qızı ilə maşında olarkən onlara da atəş açmışdılar. Xoşbəxtlikdən, hamısı sağdır. İnsanlar nə ola biləcəyini düşünmədən qaçmağa, öz həyatlarını xilas etməyə çalışırlar. Bundan başqa, rəfiqəm 2 yaşlı qızı və əri ilə qaçarkən, atəşə məruz qalıb".
Kindzerska Rusiyanın müharibə qaydalarına əməl etmədiyini söyləyib: "Onlar 24 saata Ukraynanı işğal edəcəklərini, bununla da dünyaya qələbə qazandıqlarını və məğlubedilməz olduqlarını göstərəcəklərini düşünürdülər. Görünən odur ki, bacarmadılar. Bundan sonra ətrafdakı hər şeyi – evləri, insanları, hamilə qadınları, uşaqları məhv etməyə, qız-qadınları zorlamağa başladılar. Qaydalara görə, insanların təxliyəsi üçün yaşıl dəhliz hazırlanarkən atəş açmaq olmaz. Amma Rusiya bu qaydalara əməl etmir. Mülki əhalini bombalamağa davam edir. Onlar heç bir prinsiplərə məhəl qoymur və qarşılarına çıxan hər şeyi məhv edirlər. Qadınları zorladıqdan sonra asırlar. Müharibənin birinci və ya ikinci günündə uşaq bağçasını vurdular, orada uşaqlar öldü. Həmin uşaqları təxliyə etməyə belə, imkan vermədilər. Onların çoxu tibbi yardım göstərilmədiyi üçün həlak oldu".
Cüdoçu Rusiya prezidenti Vladimir Putinin qürurundan əl çəkmədiyini sözlərinə əlavə edib: "Düşünürdü ki, tezliklə Ukraynanı işğal edəcək və bütün dünya Rusiyadan qorxacaq. Amma Ukrayna xalqı güclü müqavimət göstərir. Biz heç vaxt ölkəmizin Rusiyanın əsarəti altında olmasına imkan vermərik. Kişilər ailələrini təxliyə etdikdən sonra öz torpağı uğrunda vuruşmağa qayıdır. Putin Ukrayna xalqından bu cür müqavimət gözləmirdi. Amma geri addım da ata bilmir. Düşünürəm ki, hansısa danışıqlar olacaq, insanların qaynar bölgələrdən təhlükəsiz yerlərə çıxmasına icazə veriləcək. Lakin döyüşlər davam edəcək. Çünki düşmənin əsas şərtləri ondan ibarətdir ki, biz silahı yerə qoyaq və daha əvvəl işğal olunmuş əraziləri güzəştə gedək. Bu isə mümkün deyil, imkan vermərik. Bu, Qarabağ məsələsinə oxşayır. Təsəvvür edin, ermənilər deyir ki, silahı yerə qoyun və Qarabağı bizə verin. Xalq heç vaxt bu razılaşmaya getməz. Ukrayna bizim vətənimizdir, sonadək vuruşacağıq. Onlara hücum etməmişik, öz evimizdəyik. Bu, heç də Putinin dediyi kimi, xüsusi əməliyyat deyil".
İrina Kindzerskanın müsahibəsini daha ətraflı buradan oxuya bilərsiniz.